Məhəmmədəmin Rəsulzadənin 140 illiyinə ithaf
Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin mühacirətdəki önəmli fəaliyyətlərindən biri də Qafqaz Konfederasiyasının qurulmasıdır. Bu məqsədlə atılan ilk böyük addım 1934-cü ildə baş tutub. Azərbaycan, Gürcüstan və Şimali Qafqaz respublikalarının mühacir liderlərinin imzaladığı konfederasiya paktı ortaq düşmənə qarşı birgə mübarizənin təzahürü idi.
Qafqazın azad ediləcəyindən sonra qurulacaq bu birliklə bağlı paktda mühüm bəndlər mövcuddu:
- Qafqaz Konfederasiyası daxili münasibətlərdə respublikalardan hər birinin milli xarakteri və suverenliyinə tam zəmanət verərək, xarici siyasət sahəsində bütün respublikaların adından yüksək dərəcəli beynəlxalq birlik kimi hərəkət edəcəkdir. Konfederasiya ümumi siyasi və gömrük sərhədinə malik olacaqdır;
- Konfederasiyanın xarici siyasətinə konfederativ respublikaların səlahiyyətli orqanları rəhbərlik edəcəkdir;
- Konfederasiyanın sərhədlərinin müdafiə olunması konfederativ respublikaların ordularından ibarət vahid komandanlıq altında və konfederasiyanın rəhbər orqanlarına tabe olan konfederasiya ordusuna həvalə ediləcəkdir;
- Konfederativ respublikalar arasında yarana biləcək və birbaşa danışıqlar yolu ilə tənzimlənməyən bütün mübahisələr konfederasiyanın mütləq arbitrajına və ya ali məhkəməsinə təqdim edilməlidir. Konfederativ respublikalar onların bütün qərarlarını məhdudiyyətsiz qəbul və icra etməyi öhdəsinə götürür.
Şübhəsiz ki, Azərbaycan tərəfdən Məhəmmədəmin Rəsulzadə ilə Əlimərdan bəy Topçubaşının imzaladıqları bu pakt işğal edilən yurdun xilası üçün düşünülmüş bir addım idi, dövrün şərtləri buna səbəb olmuşdu. 1934-cü ildə bu pakta qoşulmayan Ermənistan daha sonra birliyə qəbul edilmişdi.
Əslində, Qafqaz birliyi ideyası mühacirətdə 1921-ci ildə də gündəmdə olmuş, həmin vaxt Əlimərdan bəy Topçubaşı (Azərbaycan), Çxenkeli (Gürcüstan), Çermoyev (Şimali Qafqaz), Axaronian (Ermənistan) imza atmışlar.
Münxen konfransı
M. Rəsulzadənin Qafqaz birliyi ilə bağlı sonuncu cəhdi 1952-ci ildə Münxendə olub. 11-16 dekabr 1952-ci ildə Şimali Qafqaz Milli Komitəsinin təşəbbüsü ilə Münxendəki “Habis” hotelində baş tutmuş Qafqaz konfransına sədrliyi Rəsulzadə edib. Tədbirdə Fransa, Türkiyə, Almaniya, İngiltərədə yaşayan Qafqaz təmsilçiləri bir araya gəliblər. Konfransı Şimali Qafqaz Milli Komitəsinin sədri Əhməd Nəbi Maqoma açıb. O, çeçen-inquş, karaçay-malkar xalqlarının sürgünündən bəhs edib, erməni təmsilçilərinin konfransa gəlmədiyini bildirib. Daha sonra rəyasət divanı və katiblik üçün seçkilər keçirilib, konfransın daimi sədrliyinə Rəsulzadə, müavinliyə isə R. Qabaşvili və Ə. Maqoma, katibliyə Səlim Ağasıbəy, L. Zurabaşvili və B. Baytuqan seçiliblər. Konfransda Qafqaz xalqlarının liderlərinin raportları dinlənilib, ümumi qərarlar verilib.
Konfransın nəticəsində Qafqaz İstiqlal Komitəsi yaradılıb. Komitəyə hər milli mərkəzin 5 üzvündən ibarət heyət, icra orqanına isə hər mərkəzdən iki təmsilçi seçilib.
Məhəmmədəmin bəy Azərbaycan nümayəndə heyəti adına konfransda “Ümumi Qafqaz siyasətinin ana cizgiləri” adlı raport oxuyub.
16 dekabr 1952-ci ildə ruslarla mübarizəyə qarşı ortaq bəyannamə imzalanıb. Sənədi Rəsulzadə ilə yanaşı Gürcüstan adına R. Qabaşvili, Şimali Qafqaz adına Ə.N. Maqoma imalayıblar.
Əlixan Kantemirin nəşr etdiyi və Qafqaz İstiqlal Komitəsinin orqanı olan “Kafkasya” dərgisinin 17-ci sayında (dekabr 1952) konfransın sədri M. Rəsulzadənin Azərbaycan nümayəndə heyəti adına oxuduğu raportun tam mətni verilib. Raportda ümumi girişdən sonra Rəsulzadə iştirakçılara maraqlı sual ünvanlayıb: “... Siyasi mücadiləmizin hərəkət çizgilərini tam aydın şəkildə ifadə edə bilmək üçün hər şeydən əvvəl bir suala cavab vermək lazımdır: biz təkcə kommunizm doktrinası və bolşevizmə qarşımı mücadilə edirik, yoxsa, hərəkatımızın əsası rus imperializmi ilə mücadiləmi təşkil edir? Qafqaz cümhuriyyətlərinin istiqallarını qaytarmağa yönəlmiş milli-qurtuluş hərəkatlarının nümayəndələri olmaq surətiylə, şübhə yoxdur ki, bolşevizm istibdadına qarşı apardığımız mücadilədə biz hər şeydən öncə milli istiqlal bayrağını daşıyırıq. Bizim üçün bir nömrəli düşmən Rusiya imperializmidir. Apardığımız milli-qurtuluş hərəkatı zatən bu imperializmə qarşı edilən mücadilə ilə yaşayır. 1918-ci ilin may aktları bu mücadilənin əsasını təşkil edir. Çağdaş dövrün ən böyük həqiqəti – demokratiyanın, hər millətin öz müqəddəratını özünün təyin etməyə səlahiyyətdar olduğunu tanıyan həqiqət öz ifadəsini bu aktlarda tapmışdır”.
Göründüyü kimi Rəsulzadə mühacirətdə davamlı ifadə etdiyi kimi, rus imperializminin hansı rəngdə olmasından asılı olmayan işğalçı bir qüvvət olduğunu vurğulayıb, Qafqaz istiqlal hərəkatının əsas düşməninin də büründüyü üzdən asılı olmayaraq işğalçıya qarşı mübarizə apardığını ifadə edib. Məhəmmədəmin bəy daha sonra ümumi Qafqaz hərəkatının xarakteristik xüsusiyyətlərini sadalayıb:
Rusiya tərəfindən nisbətən yaxın bir zamanda istila edilən Qafqazın nə etnik, nə kültür, nə də irq baxımından Rusiya ilə heç bir əlaqəsi yoxdur. Əslində Aralıq dənizi mədəniyyətinə mənsub olan qafqazlılar özünəməxsus bir həyat tərzi ilə yaşayır və keçmişdəki siyasi hürriyyətlərini geri almaq əzmindədirlər.
İqtisadi baxımından Qafqaz özünə yetəcək şəkildə bir vəhdətdədir. Strateji baxımdan da bir bütündür.
Milli kültür baxımından nəzərəçarpacaq bir ayrılığa baxmayaraq Qafqaz millətləri hürriyyətsevərlikdən ibarət olan ümumi bir ruha malikdirlər... Milli mövcudiyyət uğrunda eyni şərtlər altında davam edən mücadilə nəticəsində bu ruhi tipin daha da qüvvətlənəcəyi çox təbiidir.
Rəsulzadə çıxışında milli və demokratik hərəkat olaraq qəbul etdikləri bu fəaliyyətlərində Ukrayna və Türküstan istiqlalçılarını da dəstəklədiklərini ifadə edib: “Hər baxımdan demokratik əsaslar üzərinə milli dövlət qura bilmək istedadında olan bu millətlərin müstəqil bir dövlət halında olmaları, inanırıq ki, rusların özlərinin də demokratlaşmalarına təsir edər, eyni zamanda bolşevizmin süqutundan sonra, bütün dünyada demokratik bir nizam, intizam təsisinə yardım edər”.
Məhəmmədəmin bəy çıxışında hələ 1918-ci ildə Vətənlərində olarkən liderlərin Qafqaz Konfederasiyası ətrafında birləşmək yolunda düşüncələrinin olduğunu, bunun ortaq rifaha xidmət edəcəyini bildirib, mühacirətdə 1934-cü ildə Brüssel paktı və 1940-da Paris anlaşması ilə bu yolda önəmli mərhələdən keçildiyini ifadə edib. Rəsulzadə Qafqazda yaşayan xristian və müsəlman xalqların qarşılıqlı anlaşma və birlik içərisində yaşayacağına inandığını qeyd edib, “Qafqaz qafqazlılarındır!” şüarını qəbul edən bütün qüvvələrlə əməkdaşlıq ediləcəyini bildirib. O, bu mücadilələrinin rus xalqına qarşı olmadığını da söyləyib: “Rus imperializminə qarşı mücadilə edən Qafqaz birliyi bir millət olaraq rus xalqına qarşı mücadilə etmək fikrindən uzaqdır. Biz çarizmə - bu dünya jandarmına qarşı mücadilə edirdik; indi də bolşevizmə - bu insan hürriyyəti ilə milli istiqlal bəlasına qarşı olan qüvvətlə savaşırıq. Bu savaşda biz bütün hürriyyətsevərlər, o cümlədən rus hürriyyətsevərləri ilə həmfikirik... İstədiyimiz sadədir: millətlərarası mahiyyətdə olan Qafqaz məsələsini Rusiyanın daxili məsələsi kimi ifadə etdirməməliyik. Rus millətinə öz etnoqrafik hüdudları daxilində tam bir səadət və rifah diləyirik. Fəqət milli haqlarımızdan heç bir vəchlə heç bir güzəşt qəbul edə bilmərik”.
Rəsulzadə qurduqları birliyin Birləşmiş Millətlər Təşkilatı, Amerika Birləşmiş Ştatları, eləcə də konstitusiyalarında insan və milli istiqlal haqlarını qəbul edən Qərb dövlətlərinin ən yaxşı nümayəndələri ilə birlik çərçivəsində hərəkət etdiklərini bildirib. O, bolşevik təcavüzünün dünyanın başında Damokl qılıncı kimi dayanan Sovet İttifaqının tarix səhnəsindən yox olması ilə mümkün ola biləcəyini söyləyib. Onun fikrincə millətlər həbsxanasının çökməsindən sonra onun yerində azad və müstəqil dövlətlər yaranacaqdır: “Azad insanların bu məsud dünyasında Birləşmiş Qafqaz layiq olduğu yeri taparaq bir sülh və əmniyyət amili olacaq, Yaxın Şərqin mədəni hüzur və inkişafına xidmət edəcəkdir”.
Beləliklə, 1952-ci ildə Rəsulzadə sonuncu dəfə Qafqaz birliyi ilə bağlı sənədə imza atıb. Elan edilən ümumi Qafqaz konfransının bəyannaməsində aşağıdakı qərarlar qəbul edilib:
Konfrans Qafqaz millətlərinin ruslaşdırılması prosesinin şiddətləndiyini nəzərə alaraq müştərək vətənin xilası üçün milli mərkəzlərin birləşdirilmələrinin zəruriliyini ifadə edir.
Müştərək milli qurtuluş savaşının müvəffəqiyyətlə sona çatmasından sonra konfrans azad edilən cümhuriyyətlərin Qafqaz Konfederasiyası əsasları üzərində daha sıx birləşməsini lüzumlu görür.
Konfrans Qafqaz millətlərinin İnsan Hüquqları Bəyannaməsindəki prinsiplər və Atlantik Bəyannaməsi ruhuna uyğun, millətlərin hürriyyət prinsiplərini qəbul edən bütün mədəni dünya ilə birlikdə olduğunu təsdiqləyir.
Birləşmiş Millətlərə xitab edən konfrans qəddar şəkildə məhv edilən Qafqaz xalqlarının qırğınına son verilməsi üçün təcili tədbirlər görülməsini rica edir.
Qafqaz millətlərinin qurtuluş həmlələrindən ilham alan konfrans istiqlalın gerçəkləşməsi vəzifəsini həyata keçirmək üçün Qafqaz İstiqlal Komitəsinin vəzifələndirir.
1952-ci ildə imzalanan bu bəyannamə Məhəmmədəmin Rəsulzadənin Rusiya işğalında olan Qafqazın qurtarılması üçün qəbul etdiyi yollardan biri olmuşdur. Həmin Rəsulzadə ki hələ 9 aprel 1918-ci ildə Cənubi Qafqaz Seyminin iclasında bütün Qafqaza azadlıq tələbini irəli sürmüşdü.