Milli Məclisinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı hərtərəfli şəkildə hazırlanıb.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, ölkəmizdə bu il bələdiyyə seçkiləri keçiriləcək: “Seçki Məcəlləsində bələdiyyə seçkiləri ilə bağlı müəyyən məsələlər sadələşdirilməlidir. Birinci növbədə bələdiyyələrin sayları həddindən artıq çoxdur, azaldılmalıdır. Türkiyə kimi dövlətdə təxminən 800 bələdiyyə var, bizdə 1600. Türkiyə və Avropada bir şəhərin bələdiyyəsinə bir nəfər seçilirr, o da işiylə məşğul olur. Bələdiyyə sədrlərinin də xalq tərəfindən seçilməsinin Məcəllədə əksini tapmasını istəyirik. Digər məsələ odur ki, namizəd olmaq üçün tələb olunan sənədlər çoxdur”.
Siyavuş Novruzov Prezidentliyə namizədlə bələdiyyə üzvünə namizədlər təxminən eyni sənədlər təqdim etməli olduğunu söyləyib: “Bu cür sənədlərin yığılması çətinlik yaradır. Ciddi şəkildə Seçki Məcəlləsinə baxılmalıdır. Növbəti seçkilərdə azad edilmiş ərazilərimizdə də biz bələdiyyətləri formalaşdıracağıq. Orada da nümunəvi bələdiyyələrin formalaşdırılması üçün əsaslar yaranmalıdır”.