Azərbaycanda daha az müddətdə hərbi xidmət keçirilməsi üçün alternativ modelin yaradılması təklif edilib.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.
Deputat bildirib ki, hərbi xidmətə çağırışla bağlı müddət fərqliliyi qardaş Türkiyədə tətbiq edilir: “Bizdə də buna gedilə bilər. Büdcəyə müəyyən vəsait ödəməklə bu müddət azaldıla bilər. Gənclərin xaricdə təhsil alması üçün dövlət proqramı qəbul olunub. Gənclərin savadlı kadr olaraq yetişdirilməsi dövlətin vəzifələrindən biridir. Ancaq ali təhsil almış və 1 il hərbi xidmət keçən şəxslər yenidən təhsilə qayıdanda adaptasiya problemi yaşayırlar. Buna görə də bu dəyişikliyə gedə bilərik. Hesab edirəm ki, belə dəyişiklik həyata keçirilərsə, zamanında mövcud olmuş hərbi kafedraların ali məktəblərdə bərpası da mümkün ola bilər”.