1 Fevral 13:46
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2024-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən silsilə mülki müdafiə kursları keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Regional Mərkəzi tərəfindən “Rəhbər heyətin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində hazırlanması”, Muğan Regional Mərkəzi tərəfindən “İnzibati ərazi dairələri üzrə nümayəndələr” və “Yanğınsöndürmə manqalarının komandirləri”, Sumqayıt, Cənub, Şimal-qərb Regional mərkəzləri tərəfindən “Xilasetmə manqalarının komandirləri”, Gəncə Regional Mərkəzi tərəfindən “Gənclərin çağırışaqədərki hərbi hazırlıq müəllimləri”, Şimal Regional Mərkəzi tərəfindən “Bələdiyyə sədrləri”, Aran Regional Mərkəzi tərəfindən “Kəşfiyyat manqalarının komandirləri” kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.

Kursların keçirilməsində əsas məqsəd fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.

Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.

Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.

Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər