İşğaldan azad olunan Xocalı rayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb.
Teleqraf.com xəbər verir ki, bütün ölkədə olduğu kimi, burada da səhər saat 08:00-da məntəqələr açılıb.
Rayon ərazisində 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 2 seçki məntəqəsi yaradılıb, 770 seçici qeydiyyata alınıb.
Xocalı rayonu Təzəbinə kənd orta məktəbində yerləşən 106 saylı məntəqədə 546 seçici, Əsgəran qəsəbəsindəki uşaq bağçasında fəaliyyət göstərən 107 saylı məntəqədə isə 224 seçici var.
Səsvermə prosesini 26 müşahidəçi izləyir.
Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.