Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən süni intellekt həlləri ilə “Xocalıya ədalət gənclərin gözündə” müsabiqəsi elan edilib.
Teleqraf.com xəbər verir ki, müsabiqənin əsas məqsədi heç bir zaman unudulmayacaq Xocalı soyqırımını gündəlik həyatımızın bir hissəsinə çevrilən süni intellektdən istifadə edərək yaradıcı gənclərin gözü ilə işıqlandırmaq və gənclərin yaddaşına həkk etməkdən ibarətdir.
Müsabiqədə bu sahəyə marağı olan 16-29 yaş arası həvəskar və peşəkar gənclər iştirak edə bilərlər.
Müsabiqə çərçivəsində əhatə edilən mövzular Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi, Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, xüsusən də gənc nəsil tərəfindən unudulmaması və Vətən müharibəsindəki Şanlı Zəfərimiz sayəsində azadlığına qovuşan Xocalıya qayıdışın təsvir edilməsidir.
Müsabiqədə iştirak üçün şərtlər aşağıdakılardır:
- Təsvir süni intellekt aləti və ya alqoritmindən istifadə etməklə gəncin özü tərəfindən yaradılmalıdır.
- Hər bir iştirakçı maksimum 2 ədəd iş təqdim edə bilər.
- Təqdim edilən nümunələr ağ-qara və ya rəngli ola bilər.
- Təsvirlər yalnız yuxarıda qeyd olunan mövzuları əhatə etməlidir.
- Təsviri yaradarkən Xocalıya aid olan real foto və kadrlardan istifadə edilə bilər.
- Təsvirlər daha öncə heç bir yerdə nümayiş etdirilməməlidir.
- Müsabiqəyə göndəriləcək təsvirlərin keyfiyyəti yüksək olmalıdır.
Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.
Layihə çərçivəsində öz fikir və yaradıcılıqlarını nümayiş etdirmək istəyən gənclər https://bit.ly/justiceforkhojaly linki vasitəsilə müraciət edə bilərlər.
Müsabiqə üçün son müraciət tarixi 20 fevral 2024-cü il müəyyən edilmişdir.