Salyanın Qaraçala kəndində yaşayan Əflan Abdullayevin 9-cu övladı dünyaya gələndən sonra sosial müavinətin müxtəlif bəhanələrlə kəsildiyinə dair açıqlaması müzakirələrə səbəb olub.
Hazırda 10 övladı olan ailə başçısı bildirib ki, məktəbə getməli olan beş övladının yalnız birini məktəbə yola sala bilib: “İndi 5 uşaq məktəbə getməlidir, ancaq onlardan biri gedir. Əvvəllər ikisini yollaya bilirdim, sonra birinin ayaqqabısı cırıldı, "kurtka"sı yoxdur. İmkanım da çatmır ki, təzəsini alıb məktəbə yollayım”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Teleqraf.com-un sorğusuna cavabda bildirib ki, Salyan rayon sakini Abdullayev Əflan Əzizxan oğlunun həyat yoldaşı Abdullayeva Gülşən Asif qızına beşdən çox uşağı olan qadın olduğu üçün hazırda 945 manat məbləğində müavinət ödənilir.
Onun sözlərinə görə, yeni doğulan 10-cu övladına uşağın şəxsiyyətini təsdiq edən sənəd aldıqdan sonra müavinəti 105 manat da artırılaraq 1050 manata çatdırılacaq: “Ailəyə 2022-ci ilin iyul ayından hər ay 835,58 manat ünvanlı sosial yardım da ödənilib. Lakin 2023-cü ilin aprel ayında ailə üzvlərinin sayında, yəni ailə tərkibində dəyişiklik olması səbəbindən yardım dayandırılıb. Həmin dövrdə qanunvericiliyin tələbinə görə, ailə tərkibində dəyişiklik olduqda yardım dayandırılırdı və ailə sosial yardım hüququna baxılması üçün təkrar müraciət etməli idi.
Sonralar qanunvericilikdə dəyişiklik edilib və artıq ailə tərkibində dəyişiklik olduqda yardım dayandırılmır. 2023-cü ilin avqust ayında Əflan Abdullayev ailəsinə yenidən ünvanlı sosial yardım təyin edilməsi üçün müraciət etsə də, onun aktiv VÖEN sahibi olmasına baxmayaraq dövrü olaraq müvafiq ödənişləri etməməsi səbəbindən yardım təyin edilməyib”.
Rəşad Mehdilinin sözlərinə görə, onunla əlaqə yaradılıb və məlum olub ki, Əflan Abdullayev artıq VÖEN-lə bağlı ödənişlərini həyata keçirib: “Yeni doğulan 10-cu övladına uşağın şəxsiyyətini təsdiq edən sənəd aldıqdan sonra ünvanlı sosial yardımla bağlı təkrar müraciət edəcək”.
Salyan Qaraçala qəsəbə icra nümayəndəsi Nəzərov Yaşar isə Teleqraf.com-a açıqlamasında adıçəkilən vətəndaşın övladlarının sənədlərinin qaydasında olmadığını, ona yalnız yardım göstərildiyini söyləyib.
“Əflan Abdullayev sənədlərini toplayıb vahid elektron sisteminə yenidən müraciət etməlidir. İmtinadan əvvəl ailələrə yoxlamalar olur, yoxlamaya gələn şəxslər də bizim qurumla işləmir ki, vətəndaşın vəziyyətinin pis olduğunu onlara çatdıraq.
Həmin vətəndaşın əvvəlki 5-6 uşağının sənədləri demək olar ki, yox idi. Doğum haqqında şəhadətnamədən tutmuş digər sənədlərinədək hamısının alınmasına mən köməklik göstərmişəm. Amma ünvanlı sosial yardımla bağlı prosedura kömək eləmək bizim səlahiyyətimizdə deyil.
Vətəndaşın istəyi sosial yardımın bərpa olunmasıdır. Başqa istəyi yoxdur. Mən şəxsən ona demişəm, gedək səni şirkətdə işə düzəldək, dəfələrlə iş təklifi edilib. İmtina edib, deyib gündəlik pulumu qazanıram, o işə ehtiyacım yoxdur. Özü yaxşı bənnadır”.