Prezident fevral ayının 14-də - andiçmə mərasimində qeyd etdi ki, Azərbaycanda yeni bir dövr başlayır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, Əli Əsədova ünvanlanacaq suallarım da var.
"Əli müəllimdən soruşmaq istəyirəm ki, bu dövr özünü nədə ehtiva edəcək və nədə göstərəcək? İkincisi, hökumət repititorluğun qarşısının alınması üçün hansısa addımlar atmaq barədə düşünürmü? Prezident söylədi ki, biz Türkiyə, türk dövlətləri ilə daha sıx inteqrasiya olunmalıyıq, bu baxımdan Türkiyə ilə ümumi bazar yaradılması barədə hər hansı bir ideya, düşüncələr, fikirlər varmı? Bundan başqa hesab edirəm ki, kasıb insanların nə Əli müəllimə, nə də bizim hökumət üzvlərinə heç bir pisliyi keçməyib. Ona görə də quru sərhədlər nə vaxt açılacaq ki, məsələn, insanlar Gürcüstana gedib, öz qohumlarını ziyarət edə bilsinlər?".
Qeyd edək ki, Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə Milli Məclis bugünkü iclasda razılıq verib.