17 Fevral 17:06
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunmuş bir neçə hərbi hissədə olublar.

Bu barədə Teleqraf.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Quru Qoşunların rəhbər heyəti, briqada komandirləri, onların müavinləri və əlahiddə hərbi hissələrin komandirləri ilə görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordumuz qarşısında qoyduğu tapşırıqları komandir-rəis heyətinə çatdırıb, onların icrası ilə əlaqədar müvafiq göstərişlər verib.

Baş Qərargah rəisi səfərbərlik hazırlığı üzrə təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərin təminatı və keçirilən praktiki məşqlər ilə maraqlanıb, döyüş və atəş hazırlığını izləyib, onların təkmilləşdirilməsinə dair göstərişlər verib. Bildirilib ki, təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərin əksəriyyəti Vətən müharibəsi və ondan sonra keçirilmiş əməliyyatlarda iştirak etmiş ehtiyatda olan hərbi qulluqçulardır.

Baş Qərargah rəisi səfərbərlik hazırlığı və səfərbərlik ehtiyatlarının yaradılması üzrə keçirilən tədbirlərin planlı şəkildə davam etdirilməsi, ehtiyatda olan hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlim toplanışlarının mütəmadi keçirilməsinə xüsusi diqqət yetirilməsini tapşırıb.

General-polkovnik K.Vəliyev səfərbərlik ehtiyatlarının cəlb olunması ilə təşkil edilmiş komanda-qərargah təliminin gedişi ilə də maraqlanıb. Təlimin keçirilmə yerinə və səhra şəraitində açılmış təlim nöqtələrinə gələn Baş Qərargah rəisi aidiyyəti vəzifəli şəxslərin məruzələrini dinləyib.

Təlimlərin keyfiyyətinin daha da artırılması, habelə cəlb olunan şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə dair hərbi hissələrin komandanlıqları qarşısında konkret tapşırıqlar qoyulub.
Sonra Raket və Artilleriya Qoşunlarının hərbi hissələrində olan Baş Qərargah rəisi təlim və məşqlərin keyfiyyətinin, eləcə də onların çöl şəraitində keçirilməsinin intensivliyinin artırılması, həmçinin döyüş heyətlərinin praktiki vərdişlərinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.

Kəlbəcər və Laçın istiqamətlərində dislokasiya olunmuş hərbi hissələrə baş çəkən general-polkovnik K.Vəliyevə görülən işlər barədə məruzə olunub. İnşası davam etdirilən hərbi obyektlərdə tədbirlərin plana uyğun yerinə yetirilməsi, habelə işlərin təyin edilmiş müddətdə başa çatdırılması barədə Müdafiə nazirinin göstərişləri aidiyyəti vəzifəli şəxslərə çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər