Pulmonoloq Rafiq Bayramov: “Təəssüf ki, gənclər sulu qəlyana əyləncə kimi baxırlar”
Azərbaycanda sulu qəlyanın istifadəsi qadağan oluna bilər. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev bir müddət əvvəl bildirmişdi ki, parlamentin yaz sessiyası zamanı bu məsələni gündəmə gətirəcək: “Çox təəssüf ki, son vaxtlar Azərbaycanda, xüsusən də Bakıda sulu qəlyanın istifadəsi geniş yayılıb və gənclərin çoxu ona meyil edirlər. Amma onun çox böyük mənfi təsirləri var. Həm insanın orqanizmini, həm ətrafdakıları zəhərləyir.
Eyni zamanda, gigenik qaydalara fikir verilmədiyi halda ağız vasitəsilə infeksiyanın bir şəxsdən digərinə ötürülməsi qorxusu var. Bir sözlə, sulu qəlyan istənilər infeksion xəstəliyin yoluxmasına gətirib çıxarır”.
Musa Quliyevin sözlərinə görə, sulu qəlyanın doğurduğu ən böyük təhlükədən biri də odur ki, ondan istifadə asılılıq, narkomaniyaya meyillilik yaranır: “Bununla bağlı məsələ qaldıracağam ki, Azərbaycanda sulu qəlyanın istifadəsi qadağan olunsun. Bəziləri deyirlər ki, guya bu faydalı otlardan hazırlanır, amma elə deyil”.
Boş vaxt üçün sığınacaq…
Bu da bir həqiqətdir ki, bu gün gənclərimizin əksəriyyəti boş vaxt tapan kimi onu çayxanada keçirməyə üstünlük verirlər. Buraya gələn gənclərimizdən kimisi dostları ilə istirahət etmək, domino, nərd oynamaq, kimisi də sadəcə vaxt öldürmək, bəziləri də sadəcə qəlyan çəkib əylənmək məqsədi seçir.
Əslində bu sayaq çayxanalara nadir hallarda kimsə yalnız çay içmək üçün üz tutur. Çay içmək bəhanə olur desək, yanılmarıq. Son zamanlar çayxanalarda sulu qəlyanların təklif olunması gənclərin əlavə “vərdişlərə” yiyələnməsinə gətirib çıxarıb.
Çay evlərindəki vəziyyət, qiymətlər, müştəriləri bura çəkib gətirən səbəblərlə əyani tanış olmaq üçün çayxanalardan birinə üz tutduq.
Ümumi salon və kabinetlər
Beləliklə, “Nərimanov” metrosu yaxınlıqda yerləşən “Club 44” adlı çay evinin qapısından girdik. İçəri daxil olanda sifariş verilmiş qəlyanı hazırlayan oğlanla rastlaşdıq. Adının Tural Quliyev olduğunu deyən bu şəxs həm “Club 44”-ün kassiri, həm də qəlyan düzəldənidir.
Tural Quliyevin sözərinə görə, bu çay evi digərlərinə nisbətən səviyyəli olduğundan qiymətlər də yuxarıdır: “Qiymətlərin bahalığı müştəri sayının azalmasına gətirmir. Çünki qonaqlar bizim çay evindən içəri daxil olan kimi buranın şəraitini, xidmət səviyyəsini, ab-havasını görüb, qiymət cədvəlinə baxmağağa ehtiyac bilmirlər. Fikrimcə, çayxanamızda qiymətlər bura təşrif buyuran müştərilərin büdcəsinə uyğundur. Burda həm ümumi salon, həm də ayrıca kabinetlər var. Bəzi adamlar ayrıca kabinetdə oturmaq istəyir. Rahat şəkildə qəlyan çəkmək istəyən müştərilərimiz kabinetdə əyləşməyi xoşlayırlar”.
Tural deyir ki, ayrıca kabinetlərdə olan xidmət haqqı ümumi zala nisbətən bahadır: “Məsələn, zalda çay 6 manat, kabinetdə isə 8 manatdır. 1 çaynik 5 armudu stəkan çay tutur”.
“Wi-fi”sız çay evinin nə mənası?..
Sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da kafe və restoranlarda, hətta bəzi çay evlərində “wi-fi” quraşdırılıb. Bu isə şay evlərinə müştəri cəlb etməyin daha bir üsuludur. “Club 44” çay evi də bu məsələdə geri qalmır.
Qəlyan düzəldənin dediyinə görə, hətta bütün gününü internet olması səbəbindən çayxanada keçirənlər gənclər də var. Çay evinin daimi müştərilərindən olan Odlar Yurdu Unversitetinin 19 yaşlı tələbəsi Sərxan Babayev də onlardan biridir.
Sərxan deyir ki, çay evi unversitetə yaxın olduğu üçün dərslər bitən kimi “bekarçılıqdan” buraya gəlir: “Günorta dərs bitdikdən sonra gedəcək yerim olmadığı üçün günümü burada keçirirəm. Kirayə yaşadığım evdə internet yoxdur deyə, buraya gəlib “wi-fi”-dan istifadə edirəm. Hətta şənbə-bazar səhər 11-dən gəlib gecə gedən vaxtalarım da olur. “Wi-fi”-sız çay evinin nə mənası var?”
Qəlyanların qiyməti
Tural Quliyev deyir ki, burda çay ancaq dəstgahla olur: “Təklif etdiyimiz çay dəstgahında müxtəlif növ şirniyyatlar, quru meyvələr, mürəbbə və şokalatlar verilir. Gün ərzində təxminən 130 müştəriyə xidmət göstəririk. Adı çay evi olsa da, əksər müştərilər, xüsusən gənclər buraya daha çox qəlyan çəkməyə gəlirlər. Qəlyanın da xüsusi hazırlanma qaydası var. Gərək müştərilərin zövqünü oxşayasan ki, ikinci dəfə də gəlsinlər.
Qəlyanın necə hazırlanması sifarişçinin öz istəyindən asılıdır. Elə adamlar var, kömürdə hazırlanmış qəlyan, elələri də var, meyvəli qəlyan istəyir. Müştərilər daha çox alma ilə qreyfrut meyvəsində hazırlanan qəlyanı xoşlayırlar. Bəzən saxsı qabda istəyirlər. Amma daha fərqli meyvələrdən hazırlanmış qəlyanı üstün tutan müştərilərimiz də olur. Məsələn, ananas, qarpız, nar, banan, kivi, manqo…
Almadan hazırlanan qəlyanların qiyməti 7-25 manart arasındadır. Digər meyvəli qəlyanların qiymətləri isə belədir: Ananas 35, qreyfut 20, nar 30, qarpız 50 manat. Tütünlərdən isə ən çox tələb olunan moruq, yemiş, vanil, saqqız, qarpız, jasmin və nanədir. Meyvələrdən daha çox almalı və qreyfutdan hazırlanan qəlyana üstünlük verirlər”.
“Saatlarla burada otura bilirsən”
Kabinetdə zövq ala-ala qəlyan çəkən Elvin Hümbətovun sözlərinə görə, buraya dostlarla daha çox vaxt keçirmək üçün gəlirlər: “Yığışıb daha çox cay evləri və kafelərə gedirik. Sakit məkanlar xoşumuza gəlir. Düzünü desəm, mən qəlyandan çox da istifadə etmirəm. Onu da deyim ki, qəlyan maraqlı məşğuliyyətdir. Ondan çıxan tüstü və müxtəlif meyvə tamları ona marağı daha da artırır. Qəlyanın da alkoqol tutun kimi aludəçilik yaratdığını bilirəm. Həmişə olmasa da arada bir istifadə etmək lazımdır”.
Ümumi zalda oturub telefonda oyun oynayan Emin Əliyev dostunu gözlədiyini deyir. Əlavə edir ki, çayxanaların qışda ayrı ləzzəti var: “Fikrimc, qış bütün canlılar üçün, elə insanlardan ötrü də dincəlmək dövrüdür. Hava soyuq olanda burada oturub dostlarla çay içmək, söhbətləşmək xüsusi zövq verir. Bu çayxananın digərlərindən üstünlüyü odur ki, saatlarla burada otura bilirsən. Restorana getsək, yeməyini yeyən, çayını içən kimi oranı tərk etməli olursan. Mən çay evlərinə daha çox qəlyana görə gedirəm. Qəlyan çəkəndə özümü çox rahat hiss edirəm”.
Dünya Səhiyyə Təşkilatı (DST) isə xəbərdarlıq edir ki, bir qəlyan qüllabı siqaret qüllabından 30 dəfə zərərlidir…
Qəlyan xərçəng xəstəliyinə səbəb olur
Pulmonoloq Rafiq Bayramovun sözlərinə görə, uzun müddət qəlyandan istifadə olunması sonda ağciyər xəstəliyinə gətirib çıxarır: “Banan, nanə, alma kimi ətirlərlə zənginləşdirilən qəlyanlar xüsusən siqaret çəkməyənlərin vərdişinə çevrilir və nəticədə orqanizmə ziyan vurur. Sulu qəlyan və digər tənffüs sisteminə təsir edən tütün məhsulları yandıqda zərərli maddələr ayrılır. Bu zərərli maddələri də tənəffüs yollarına çəkəndə birbaşa bronxların selikli qişasına zədələnməsinə, tənəffüs sistemin gələcəkdə meyilliliyin yaranmasına gətirib çıxarır”.
Rafiq Bayramov bildirdi ki, sulu qəlyan çəkilən zaman başlıq hissə dəyişilməlidir: “Qəlyan çəkilən yerlər qapalı şəraitdə olan otaqlardır. Bu isə tənəffüs sistemi ilə yoluxan xəstəliklərin yayılmasına əlverişli şərait yaradır. Sulu qəlyan çəkəndə “muştik” deyilən hissə dəyişilməlidir. Qəlyanın istifadəsi zamanı ağ ciyərlərdə xərçəng xəstəliyinə yaranmasına səbəb olan yüzlərlə, minlərlə zərərli maddə var. Çünki nikotinin təsiri nəticəsində tənəffüs sistemində geri dönməyən proseslər əmələ gəlir, bu isə ağ ciyər xərçəngi kimi xəstəliyin yaranmasına səbəb ola bilər”.
Həkim gənclərə qəlyandan istifadə etməyi məsləhət görmür: “Gənclərər bildirmək istəyirəm ki, ümumiyyətlə sulu qəlyandan istifadə etməsinlər. Onun zərərindən başqa, heç bir xeyri yoxdur. Gün ərzində qəlyandan onlarla insan istifadə edir, ağızlığı və suyu nə qədər dəyişdirilsə də, dumanın keçdiyi boru dəyişmir. Sadəcə gənclər sulu qəlyana əyləncə kimi baxırlar. Əgər qəlyan çəkməyi vərdiş ediblərsə, o zaman fərdi olaraq o ucluqlardan istifadə etsinlər. Ən əsası elə bir yerdə çəksinlər ki, ətrafın istəyi yaranmasın”.
İlhamə Əbülfət