Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Teleqraf.com-un məlumatına görə, iclasda dövlət əsaslı vəsait qoyuluşundan “Bakıelektrikşəbəkə” ASC-yə ayrılan vəsaitlərin istifadəsinə, Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin maliyyə-təsərrüfat əməliyyatlarının, eləcə də, dövlət gəlirlərinin yığılmasının və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna, həmçinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiyada eyni zamanda bir neçə məsələ ilə bağlı nəzarət tədbirləri üzrə audit proqramları təsdiq olunub. Belə ki, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Xətai rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan Dövlət Texniki Kollecinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və büdcədənkənar vəsaitlərin icrasına dair, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin formalaşması və istifadə vəziyyətinə dair Analitik təhlil üzrə audit proqramları təsdiq olunub.
Naibə QURBANOVA