Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri: “Cayçılığın inkişafı ilə bağlı dövlət proqramı hazırlanır”
Ekspert: “Çay idxalı azalmalıdır ki, daxili bazar formalaşsın”
Zaqatala rayon rəhbərliyi ötən il çayçılığın inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə təkliflərlə müraciət edib.
Zaqatala rayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsinin müdiri İlkin Şəfizadənin sözlərinə görə, çayçılıq bu rayonda kənd təsərrüfatı məhsulları istehsalında önəmli yeri tutmasa da, keyfiyyətinə və ətrinə görə Zaqatalanın məxməri çayı həmişə istehlakçılar üçün arzulanan məhsul olub.
Ötən əsrin 70-80-ci illərində Zaqatala ərazisində 90 hektar məhsuldar çay plantasiyaları mövcud olub, bu plantasiyalardan hər il orta hesabla 250 tona yaxın yaşıl çay yarpağı yığılıb.
Kolxoz və sovxoz təsərrüfatları ləğv edildikdən sonra isə dövlət sifarişi olmadığından plantasiyalar yararsız vəziyyətə düşüb, çay istehsalı xeyli azalıb.
Çay plantasiyaları 5 hektardan 60 hektaradək artıb
İlkin Şəfizadənin sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illərdəki dövlət proqramının ilkin icrası zamanı çay plantasiyalarının 5 hektarı məhsuldar vəziyyətdə idisə, görülmüş tədbirlər nəticəsində sonrakı illərdə 35 hektar çay plantasiyası bərpa edilib və məhsuldar vəziyyətə gətirilib: “Hazırda rayonda 60 hektar çay plantasiyası mövcuddur”.
Qeyd edək ki, Zaqatalada buket çayının qiyməti 50 manatdır.
Çayçılığın inkişafına nə lazımdır?
Şöbə müdirinin bildirdiyinə görə, hazırda rayonda “Zaqatala-Çay” və “Çay-Tala” Məhdud Məsuliyyətli cəmiyyətlər istehsalla məşğul olurlar ki, onlar da ötən il 54 ton yaşıl çay yarpağı tədarük ediblər. Lakin çay plantasiyalarının bərpası və genişləndirilməsi üçün böyük həcmli investisiyaların qoyulmasına ehtiyac var: “Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunan təkliflərdə də çayçılığın inkişafı üçün investisiya qoyulması, yeni sahələrin salınması, yeni suvarma şəbəkələrinin qurulması və sair bu kimi məsələlər yer alıb”.
Şöbə müdiri hesab edir ki, bu təkliflər regionların inkişafı üzrə qəbul ediləcək növbəti dövlət proqramında nəzərə alınacaq.
Qocalan çay plantasiyaları
Mütəxəssislərin fikrincə, yeni salınacaq çay plantasiyaları 5-8 ildən sonra məhsul verdiyinə görə fermerlərin uzunmüddətli kreditə ehtiyacı var. Çünki bu plantasiyalara vaxtlı-vaxtında qulluq edilməsi, suvarılması tələb olunur ki, həmin müddət ərzində də fermer bu krediti qaytara bilmir. Digər tərəfdən çay kolları qocaldığından məhsuldarlıq aşağı düşür və bu səbəbdən çay plantasiyalarının yenilənməsi vacibdir, amma bu da xeyli vəsait tələb edir.
Məhsuldarlıq az, qiymət baha...
Kən təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycan çayı keyfiyyətinə görə üstün olsa da, istehsalı baha başa gəldiyi üçün bu istiqamətdə bazar formalaşması yetərincə deyil. Xaricdən gətirilən çay ucuz olduğuna və müəyyən standartlara cavab verdiyinə görə istehlakçılar daha çox həmin çayları alırlar: “Məhsuldarlıq aşağıdır, emal da baha başa gəlir, ona görə də bizim çay bahadır. Ötən il də çayçılıqda geriləmə oldu. İqlim şəraiti, quraqlıq, suvarma ilə bağlı problemlər yarandı. Suvarmaya, aqrotexniki qaydalara vaxtlı-vaxtında əməl olunmasa, məhsuldarlıq aşağı düşür, bu da çayın maya dəyərini artırır. Bahalı çayın da alıcısını tapmaq çətindir. Düzdür, keyfiyyətli çay istehsal edirik, amma keyfiyyətli çayın alıcısı da olmalıdır. Dünya bazarında çay var ki, 1 kiloqramı 250 dollardır, çay da var 2 manatadır”.
Çay idxalı azalmalıdır
Mütəxəssis hesab edir ki, bahalı çayın istehsalı ilə məşğul olmaq, onu gəlirli sahəyə çevirmək riskli məsələdir: “Vaxtilə Rusiyada Azərbaycan çayı brend olub. Bu istehsalı yenidən bərpa etmək mümkündür, amma öncə bunun bazarını müəyyənləşdirməliyik. Ümumiyyətlə, Azərbaycan elə bir ölkə deyil ki, çayla bağlı dünyada hər hansı bir brendlə tanınsın. İndi dünya bazarında çayla bağlı boşluq yoxdur. Çünki çayın vətəni Çin həm çox yüksək səviyyədə, həm də yüksək həcmdə çay istehsal edir. Biz çalışmalıyıq ki, çayla bağlı ölkənin daxili tələbatını ödəyə bilək. Bu sahəni inkişaf etdirmək üçün ölkəyə çay idxalı azaldılmalıdır ki, öz məhsulumuz üçün bazar formalaşsın”.
Qeyd edək ki, Statistika Komitəsinin məlumatına görə, ölkəyə 8 min ton quru çay idxal edilir. Bəzi ekspertlər bu rəqəmi iki dəfədən də yüksək hesab edir. Çünki sovet dövründə Azərbaycanın ümumi çay istehsalı 30 min tondan çox olub.
Onu da bildirək ki, hazırda emal olunmamış yaşıl çaya tələbat daha çoxdur.
Ötən il çay istehsalı azalıb
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdovun sözlərinə görə, 2010-cu ildə ölkədə 540 ton, 2011-ci ildə 530, 2012-ci və 2013-cü illərdə isə 570 ton çay istehsal olunub: “Ötən il üzrə hesabatlar tam yekunlaşmayıb. Dövlət Statistika Komitəsinin 1 noyabr 2014-cü il məlumatına görə 436 tondur”.
Şöbə müdiri bildirdi ki, ümumi ölkə üzrə çayçılığın inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi dövlət proqramı hazırlayıb, yaxın günlərdə Nazirlər Kabinetinə təqdim edəcək.
İnkişafı üçün yeni texnologiyalar lazımdır
İmran Cümşüdovun fikrincə, ənənəvi qaydada becərmə ilə çayçılığın inkişafı mümkünsüzdür. Çay təsərrüfatını mütərəqqi üsullarla, müasir aqrotexniki qaydalara əməl etməklə inkişaf etdirmək olar: “Hazırda məhsuldarlıq çox aşağıdır. Bir hektardan 10-12 sentner məhsul alırıq. Amma müasir texnologiyalar vasitəsilə məhsuldarlığı 20 sentnerə qaldırmaq mümkündür. Münbit əkin sahələrini genişləndirməklə də əhalinin çaya tələbatını daxili istehsalla ödəmək olar”.
Qızıl medal alan Lənkəran çayı
Şöbə müdiri onu da vurğuladı ki, Azərbaycan çayı ekoloji baxımdan təmiz olduğu üçün keyfiyyəti yüksəkdir: “Hətta ədəbiyyat məlumatlarında göstərilir ki, Azərbaycan çayı keyfiyyət göstəricilərinə görə Hindistan çayından da üstündür. Lənkəran çayı 1981-ci ildə Almaniyada qızıl medala layiq görülüb.
Vaxtilə Azərbaycanda 14 çay emalı zavodu, 2 çay çəkən və qablaşdıran fabrik olub, 34 min ton çay yarpağı istehsal edilib. Hazırda isə çay istehsalı ilə özəl fermer təsərrüfatları məşğul olur, sahibkarlar fərdi qaydada bu sahədə çalışırlar ki, bunlar da çox azlıq təşkil edir".
Azərbaycan çayının qiymətinin baha olmasını isə İmran Cümşüdov keyfiyyətlə əlaqələndirdi: “Biri var ki, boya maddələrdən, stimulyatorlardan istifadə olunmaqla məhsul istehsal edilə, bir də var ekoloji baxımdan təmiz məhsul ola. Bizim məhsullar ekoloji təmiz məhsul olduğuna görə keyfiyyətlidir və qiyməti də baha başa gəlir. Həm də çayın maya dəyəri iqtisadi cəhətdən səmərəliliyə hesablanmalıdır deyə, bu qiymətə təsirini göstərir”.
İmran Cümşüdov hesab edir ki, məhsuldarlıq artdıqca, qiymət də tənzimlənəcək və çayın qiyməti öz istehlakçılarımızın məvacibinə uyğunlaşacaq.
Sevil Hilalqızı