Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının işəgötürənləri üçün “Açıq qapı” günü keçirib.
Bu barədə Teleqraf.com-a ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbir iş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik tədbirlərinin təşkili, bu sahə ilə bağlı qanunvericilik barədə işəgötürənlərin məlumatlandırılması, müvafiq normativ-hüquqi aktlar barədə onlara dolğun izahatların verilməsi məqsədinə xidmət edib.
Tədbirdə qeyd olunub ki, əməyin mühafizəsi dövlətimizin sosial siyasətinin əsas məqsədlərindən biridir və hər bir işçi sağlam və təhlükəsiz əmək şəraitində işləmək hüququna malikdir. İş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, peşə risklərinin düzgün qiymətləndirilməsi, eləcə də iş yerlərinin attestasiyasının vaxtında və keyfiyyətlə aparılması ölkənin əmək qanunvericiliyinin əsas tələblərindəndir.
Təəssüf doğuran haldır ki, işəgötürənlər tərəfindən bu tələblərin yerinə yetirilməsinə bəzən qeyri-ciddi münasibət göstərilir. Bu isə nəticə etibarilə istehsalatda bədbəxt hadisələrin baş verməsinə, işçi insanların həyatlarını itirmələrinə, xəsarət almaları və ya peşə xəstəliyinə tutulmalarına səbəb olur. Digər tərəfdən, baş verən istehsalatla əlaqəli bədbəxt hadisələr iqtisadiyyata da ciddi ziyanlar vurur.
Tədbir zamanı əməyin mühafizəsi ilə bağlı qanunvericiliyin tələbləri, bu sahədə standartlar, norma və qaydalar barədə işəgötürənlərə məlumatlar verilib, onların müvafiq mövzu ilə bağlı sualları cavablandırılıb. Habelə əməyin mühafizəsi tələblərinin yerinə yetirilməməsinə görə işəgötürənlər üçün qanunvericiliklə nəzərdə tutulan cəza tədbirləri də diqqətə çatdırılıb.
Naibə QURBANOVA