AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq gündəlikdə əksini tapan üç məsələ ilə bağlı iştirakçılara məlumat verib. Akademik AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda Akademiya qarşısında qoyulan tapşırıqlarla bağlı görüləcək işlərdən danışıb.
İclasda bölmə əməkdaşlarının ixtiraları haqqında müvafiq məlumatların rəsmi bülletenlərdə dərc olunması, alimlərin məqalələrinin 312-nin impakt faktorlu jurnallarda olmaqla nüfuzlu xarici elmi dərgilərdə nəşr edilməsi və çap məhsullarının sayının artırılmasına diqqət çəkilib.
Akademiyanın əsas fəaliyyət istiqamətlərinə daxil olan beynəlxalq əməkdaşlıqlar fonunda da bir sıra layihələrə və təşəbbüslərə start verilib.
Hesabatda 2014-cü il ərzində keçirilən tədbirlər sadalanıb. Rəyasət Heyətinin qərarı ilə hesabat təsdiq edilib, elmi istiqamətlər üzrə bölməyə daxil olmayan elmi-tədqiqat, təhsil və sahə müəssisələrində əldə edilmiş və digər mühüm nəticələr bəyənilib bölmə üzrə statistik məlumatlar nəzərə alınaraq AMEA-nın illik hesabatına daxil edilib.
Tədbirdə Akif Əlizadə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan daha səmərəli istifadə etməklə Azərbaycanın regionda güclü sənaye mərkəzinə çevrilməsini təmin etmək məqsədilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş fəaliyyət istiqamətlərindən danışıb. Akademik qeyd edib ki, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” hazırlanıb və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilib. Sözügedən dövlət proqramından irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq bölmələrin təqdim etdikləri məlumatların müəyyən olunmuş formada tərtib olunaraq Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsi tərəfindən müvafiq dövlət qurumlarına təqdim olunması ilə bağlı qərar qəbul olunub.
Sonda aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyev AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib.
SEVİL