5 Aprel 20:49
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a bildirilib ki, Agentlik tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilanın Ağalı kəndində ilk dəfə əmək yarmarkası təşkil olunub.

Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan 26 işəgötürən iştirak edib və müxtəlif istiqamətlər üzrə 253 vakansiya çıxarılıb.

Agentliyin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov yarmarkada iştirak edən işəgötürənlərlə tanış olub və onların təqdim etdiyi vakansiyalarla maraqlanıblar.

Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində diqqətdə saxlanılan əsas məsələlərdən biri də işğaldan azad olunmuş ərazilərdə işəgötürənlərin kadrlara olan ehtiyaclarının ödənilməsidir.

Yarmarkada iştirak edən sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Həmçinin iştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər