BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) loqosu ictimaiyyətə təqdim edilib.
Teleqraf.com xəbər verir ki, təqdimat COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında nümayiş olunub.
Bildirilib ki, COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib.
Kökləri Azərbaycan tarixi-mədəni irsinə dayanan buta motivi özündə davamlılıq və innovasiyanı ehtiva etməklə yanaşı, həm də keçmişlə gələcək arasında körpu salır. Butaların birləşməsi birliyi, illüstrativ su damlaları şəklində olan butalar isə özü-özlüyundə beş fərqli elementi ifadə edir - flora və fauna, hava və külək, su, enerji və kainat.
COP29-un loqosu iqlim çağırışlarının yüksəldiyi dövrdə bəşəriyyət və ətraf mühit arasında kəsintisiz əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticəyönumlu fəaliyyətin əhəmiyyətini əks etdirir.