18 Aprel 15:43
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin ikinci Baş naziri Nəsib bəy Yusifbəylinin oğlu Niyazi bəy 1908-ci ildə Gəncədə doğulub. Ehtimal edilir ki, Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanım Niyazi adını Türkiyə tarixində önəmli yeri olan İttihad və Tərəqqinin mühüm simalarından Resneli Niyaziyə (1873-1913) görə qoyub. Çünki atası İsmayıl bəy Qaspıralının Gənc Türklərlə yaxın münasibəti vardı.

İsmayıl bəy qızına yazdığı məktublarda nəvəsi Niyazi haqqında da bəhs edib. Məsələn, 8 iyul 1911-ci ildə Şəfiqə xanıma göndərdiyi məktubunda Qaspıralı yazıb: “Sevgili Şəfi. Uşaqlar elə sağlam və şəndirlər ki, onlar haqqında mənim yazmağıma və sənin qayğılanmağına gərək yoxdur. Hər sabah yatağıma qədər gəlib onları qovanadək çəkişdirirlər”.

Nəsib bəylə Şəfiqə xanım 1906-cı ildə ailə həyatı qurublar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlib, Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olub. Bu evlilikdən onların Zöhrə və Niyazi adlı iki övladı doğulub.

Azərbaycan Cümhuriyyəti dövründə Şəfiqə xanım Azərbaycana gəlib. Burada Xalq Maarif Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kurslar təşkil edib, dövri mətbuatda qadın azadlığı mövzusunda yazılarla çıxış edib. 1920-ci il mayın əvvəllərində Nəsib bəyin Kürdəmir qəzasında müəmmalı şəkildə qətlə yetirilməsindən sonra Türkiyənin Azərbaycandakı səfiri Memduh Şevket Esendalın köməyi ilə Türkiyəyə gedə bilib. Bu zaman Nəsib bəyin oğlu Niyazinin 12 yaşı vardı. Sonralar atasından xəbər aldığı son məkan olan Kürdəmirin adını soyad kimi götürüb.

Niyazi bəy xatirələrində Azərbaycandan necə ayrıldıqlarını da yazıb: “…Nəhayət, məşum an gəlib çatdı. O axşam Dr. Ağayevlərdəyik. (Həsən bəy Ağayev nəzərdə tutulur – D.Ə) Söhbət arasında insafsız istilaçıların hüdudumuzu keçdiyi söylənilir. Bunların qarşısını alacaq şanlı ordumuz haradadır? Axı bu ordunu neçə dəfə gözlərimiz yaşararaq, iftixardan sinəmiz qabararaq Bakı və Gəncədəki paradlarda seyr etmiş, dünyaya meydan oxuyacaq qənaətinə gəlmişdik. Halbuki, qəhrəmanlarımız bu kritik anlarda vətənin uzaq bir köşəsində ermənilərin hərəkatı ilə məşğuldu”.

Niyazi bəyin yazdığına görə, həmin gecə Gəncəyə getməyə qərar verilib: “Tələsik yeyilən yeməklərdən sonra gərəkli olan ehtiyaclar üçün zəruri əşyalar alındı, son dəfə Baş nazirliyin maşınına minildi. Boş və səssiz küçələrdən sürətlə keçilərək gur vağzal binasına gəlindi. Kupelərə yerləşdik. İntizar başlandı”.

Lakin bu əsnada artıq bolşeviklər hakimiyyəti ələ keçirdikləri üçün hər tərəf silahlı şəxslərlə dolu idi. Silahlıların ilk hücum etdikləri yerlərdən biri də vağzal olub. Qatar təxliyyə edilib. Nəsib bəyin ailəsi piyada şəkildə şəhərin uzaq bir köşəsinə yola düşüblər. Niyazi bəy yazır ki, bu yürüyüş mühacirətin başlanğıcı idi.

Tarixçi Niyazi bəy

Ailə İstanbula gəldikdən sonra Niyazi bəy Qalatasaray liseyində orta təhsil alıb, ardınca İstanbul Universiteti Dil və Tarix Fakültəsinin tarix bölümündə oxuyub, buradan məzun olub. 1939-cu ildə “Hiung-nular” adlı elmi işi müdafiə edib. Onun həmçinin 16 səhifəlik “İkinci minillikdə Kiçik Asiyada Assur ticarət müstəmləkələri” adlı elmi yazısı da var.

Bir müddət müəllimlik edib (1940-cı illərdə Ərzurum liseyində), daha sonra Bədən Tərbiyəsi Ümummüdirliyində çalışıb. Rusca və fransız dillərində bildiyi üçün bu qurumun xarici əlaqələr şöbəsində fəaliyyət göstərib.

Niyazi bəy gənclik illərindən etibarən mühacirlərin Türkiyədə qurduqları ilk təşkilatlarda təmsil olunub. 1920-ci illərin sonunda İstanbulda Müsavat Partiyası Xarici Bürosunun Mədəniyyət Komitəsinin nəzdində Azəri-Türk Gənclər Birliyi yaradılıb. Təşkilatın sədri Cümhuriyyət deputatı Məhəmmədsadıq Aran olub. Təşkilatın katibi İsmayıl Sarı İmanquluoğlu seçilib. Fəal üzvlər isə Şəfi bəy Rüstəmbəyli, Səlim Ağasıbəyli, Məhəmməd Ağaoğlu, Niyazi Yusifbəyli, İsgəndər xan Xoyski, Mirzə Hacızadə, Hüseyn Camalbəyov olub.

Niyazi bəy 1952-ci il fevralın 8-də Ankarada təsis edilən Azərbaycan Milliyyətçilər Dərnəyinin qurucu üzvlərindən olub. Nizamnamədə dərnəyin qurucuları kimi bu şəxslər göstərilib: Əhməd Ulusoy (mühasib), Əli Taşkənt (mühəndis), Çingiz Göygöl (inşaatçı), Hidayət Turanlı (mühəndis), İsa Göçər (mühəndis), İsgəndər xan Xoyski (hüquqşünas), Qadir Dilican (mühəndis), Mehmet Altunbay (pilot), Nağı Bayramgil (mühasib), Niyazi Kürdəmir (müəllim), Səfvət Zərdabi (mühəndis).

Tale Nəsib bəy Yusifbəylinin oğlu ilə Həsən bəy Zərdabinin oğlunu bir araya gətirib.

Qurulan dərnəyin “Türk izi” adlı mətbu orqanı da fəaliyyətə başlayıb. Aylıq türkçü dərgi kimi təqdim edilən jurnalın nəşriyyat müdiri Şirin Şirvanlı idi. Jurnalın ilk sayında (1952-ci il, may ayı) Niyazi Kürdəmirin “Azərbaycan və mühacirətlər” başlıqlı məqaləsi dərc olunub. Yazıda qədim dünya dövründən orta əsrlərədək Azərbaycan ərazisinə köç edən tayfalardan, xalqlardan bəhs edilib. Bu yazısında o, digər mühacir Mirzəbala Məhəmmədzadənin “Azərbaycan tarixində Türk Albaniya” (1951) kitabına ad çəkmədən qarşı çıxıb. Jurnalın növbəti saylarında N. Kürdəmirin “Erməni və gürcü ittihadı”, “Aktual məsələ”, “Dərsdən ibrət almayan qafillər”, “Qovma və təkrar qəbul” adlı məqalələri dərc olunub.

“Dergi” məcmuəsində onun Çingiz Göygölün “Kommunist Rusiya və müsəlmanlar” əsəri barədə tanıtım yazısı da işıq üzü görüb.

Niyazi bəyin əməkdaşlıq etdiyi digər nəşr “Mücahit” dərgisidir. Bu jurnalın sahibi Çingiz Göygöl, müdiri isə Səfvət Zərdabi olub. Niyazi bəy qohumu olan Çingiz bəylə yaxın dost olub. Niyazi bəy bu jurnalda bir neçə yazı qələmə alıb, Jean Bruce adlı müəllifin “Miq təyyarəsini necə qaçırdım” adlı əsərini silsilə şəkildə tərcümə edib. “Mücahit”də onun “Yaxınlaşma ətrafında” (sayı 1, 1955), “Yaxın Şərqdə ortaya çıxan təhlükə” (sayı 4, 1955), “Rusiya üçüncü dünya savaşını 1917-də qazandı” (sayı 5, 1955), “Aprel 1920 və bir xatirə” (sayı 8, 1957) kimi yazıları çıxıb.

Niyazi Yusifbəyli 1964-cü il dekabr ayının 25-də gecə saatlarında Ankaradak ıevində keçirdiyi infarkt nəticəsində vəfat edib.

“Cumhuriyet” qəzetində dərc olunan nekroloqda yazılıb: “Təəssürlə xəbər aldığımıza görə, Futbol federasiyası xarici əlaqələr müdiri Niyazi Kürdəmir keçirdiyi ani infarkt nəticəsində dünən gecə vəfat etmişdir. İstanbulda oynanılan Bolqarıstan milli oyununun təşkilati işlərində xeyli yorulan Kürdəmir Ankaraya döndükdən sonra dünən Ankara yolu ilə Sofiyaya keçən müsafirlərə Ankaranı gəzdirmiş və yola saldıqdan sonra Federasiya bürosuna gəlmişdir. Federasiyada da bir müddət çalışan Kürdəmir hər zamankı kimi dostları ilə zarafat edərək ayrılmış və gecə evində keçirdiyi infarkt nəticəsində gözlərini həyata yummuşdur”.

Kərim Alhanın (Yaycılı) çıxardığı “Türk Birliği” jurnalında da Niyazi bəy haqqında nekroloq dərc olunub.

Niyazi Kürdəmir Ankarada Cəbəci Əsri məzarlığında dəfn edilib.

Niyazi bəy Nəzakət adlı xanımla ailə həyatı qurub. 1945-ci ildə oğlu dünyaya gəlib. Oğluna atasının adını verib. 2015-ci ilin dekabrında oğlu Nəsib Yusifbəyli vəfat edib. Niyazi bəyin qızı Şaika xanım hazırda Ankarada yaşayır. Nəsib bəyin qızı, Niyazinin bacısı Zöhrə xanım isə Azərbaycan Cümhuriyyətinin xaricdə təhsil almağa göndərdiyi yüz tələbədən biri olan Mirzə Hacızadə (Göygöl) ilə ailə həyatı qurub. Taleyinə ərindən sonra övladının da vəfatını görmək yazılan Şəfiqə xanım isə 1975-ci ilin 31 avqustunda həyata gözlərini yumub, sentyabrın 1-də Zincirliquyu məzarlığında dəfn olunub.

2004-cü ildə Niyazi bəyin qızı Şahika Elmas Kürdəmir Bağçasaraya gedib, IV Krım Tatar Milli Qurultayının (10.09.2004) açılışına qatılıb, dədəsi İsmayıl bəy Qaspıralının məzarını ziyarət edib.

Niyazi bəyin dostu, silahdaşı Çingiz Göygöl onun haqqında aşağıdakı məqaləni qələmə alıb:

Çingiz Göygöl

Niyazini də itirdik

1928-ci il idi. Yeşilköyə ilk dəfə ayaq basdığım zaman onu tanımış, sevmişdim. Niyazi o zaman Qalatasaray liseyinin tələbəsi idi. Fəqət kültürü onu ali məktəb tələbəsi səviyyəsində göstərirdi. Mən o zaman ali mühəndis məktəbi (Texniki Universitet) imtahanlarına hazırlaşarkən Türkiyə türkcəsindəki riyaziyyat terminlərini o mənə göstərmişdi. Azərbaycan milli qurtuluş hərəkatının öndərləri və fəal ünsürləri ilə yaxınlığı da məni ona bağlamışdı.

Niyazinin atası Azərbaycan istiqlal hərəkatında əmək sərf etmiş, ardınca milli Azərbaycan hökumətinin Baş naziri olmuş Nəsib bəy Yusifbəylinin onun üzərində böyük təsirləri olduğu kimi anası hörmətli Şəfiqə xanım Qaspıralının da onun Türkiyədə yetişməsində böyük rolu olmuşdur. Şəfiqə xanımın atası mərhum İsmayıl Qaspıralının Niyazinin dədəsi olması da ona milli mübarizədə dəyişilməz xarakter bəxş etməsi gərəkdir.

Azərbaycanın Baş naziri Nəsib bəy Yusifbəylinin Azərbaycanda Türk Ədəmi Mərkəziyyət Firqəsini quraraq türkçülük prinsiplərinin öndərliyini etməsi, istiladan sonra Türkiyəyə sığınan hörmətli Şəfiqə xanım və bacısı Zöhrə xanımla birlikdə Türkiyəyə gəldikdən sonra burada onun körpə ruhunda eyni imanın yerləşməsinə səbəb olmuşdur. Niyazi “Kürdəmir” soyadını Azərbaycanın istilasından sonra atasının Kürdəmir civarında kommunistlər tərəfindən öldürülməsinə görə qəbul edib.

Niyazi çox təvazökar idi. Heç zaman atasının Azərbaycanın Baş naziri, dədəsinin məşhur krımlı İsmayıl Qaspıralı olduğunu da kimsəyə söyləməzdi. O, təvazökar, məchul bir azərbaycanlı olaraq qələmi ilə, çox olmayan büdcəsi ilə Azərbaycan mübarizəsinə əlindən gələn yardımı əsirgəməzdi. Azərbaycan mübarizəsinə sahib çıxan bəzi siyasətçilərə gülər, onları daima birliyə dəvət edərdi. Türkiyədə qurulan Azərbaycan gənclik təşkilatlarının hər şöbəsində qurucu və öncüllərindən olmuş, faktiki olaraq xidmətdən də heç bir zaman geridə qalmamışdır. Ölümündən təxminən bir ay qədər öncə Azərbaycan siyasi təşkilatının mühüm bir toplantısında iştirak etmiş, Azərbaycandakı siyasi hadisələr haqqında geniş məlumat vermis, beynəlmiləl siyasi vəziyyəti xülasə etmişdi. Azərbaycanın bir gün istiqlalına qovuşacağına inanan imanlı Niyazinin ölümüylə, şübhəsiz ki, Azərbaycan qurtuluş mücahidlərinin səflərində böyük bir boşluq yaratmışdır. Rusca və fransızca yaxşı bilir, dünya siyasəti, Azərbaycan mövzusuna dair ciddi işlər görərdi. “Mücahit”in qurucu ailəsindən idi, məcmuə üçün maddi və mənəvi yardımını heç bir zaman əsirgəməzdi.

Niyazi soyuqqanlı və milli mübarizədə ciddi və bilgili olaraq aramızda sözünün keçməsinə rəğmən daima təvazö ilə dostlarının simpatiyasını qazanmışdı. Məqam hirsi yoxdu. Onu təşkilat mərkəz idarə heyətlərində hər zaman görmüşük, çünki onun adı olan siyahılar daima qazanmışdır. Azərbaycan Gənclər Birliyi kimi 35 il öncə qurulan təşkilatda olduğu kimi yeni qurulan “Azərbaycanı Tanıtma Dərnəyi”nin də qurucuları arasında adı vardı. Təəssüf ki, ömrü onun quruluş fəaliyyətini davam etdirməyə kafi gəlmədi. Qısa bir müddət quruluş fəaliyyətlərində çalışsa da, quruluşda iştirak etmədən aramızdan əbədiyyən ayrıldı.

O, mərhum Xəlil Xasməhəmmədli, Mir Əli, Şəfi, M. Əmin bəy kimi Azərbaycan milli hərəkatının önündə gedənlərin ölümündən çox əndişələnir və hər zaman deyərdi ki: “Azərbaycan mütləq istiqlalını əldə edəcəkdir. Qorxuram ki, biz görməyək. Görə bilməsək, çox fəci olar. Mən öz hesabıma gözüaçıq gedərəm”. Necə ağrılıdır ki, hiss etdiyi başına gəldi. Tanrı onu və onun kimilərin məzarlarını Azərbaycanda çox yaxın zamanda etmək qismətini Azərbaycan mücahidlərinə nəsib etsin…

Niyaziyə aid çox şeylər yazmaq və onu bir çox cəbhələrdən təhlil etmək səhifələri doldurar. Biz Niyazinin imanlı, dürüst və ciddi bir insan olduğu qədər Azərbaycan mübarizəsinə maddi mənfəətdən uzaq bağlı bir mücahid olduğunu söyləməklə yetinəcəyik. Onun mücahid səflərindəki boşluğunun doldurulmayacağına da inanmaqdayıq. Təəssüf ki, çox erkən və vaxtsız aramızdan ayrılmışdır. Tanrıdan ona bol rəhmət diləyərkən, anası hörmətli Şəfiqə xanıma, həyat yoldaşına, uşaqlarına, bacısına və mücadilə yoldaşlarına səbir və başsağlığı veririk.

Qaynaq:

  1. Rıdvan Çitil, Hacali Necefoğlu, “İsmail Gaspıralı’nın Neşredilmemiş Bazı Mektupları”, Türk Dili ve Edebiyatı Araştırmaları Dergisi, sayı 23, 2012

  2. Niyazi Yusufbeyli, “Nisan 1920 ve Bir Hatıra”, “Mücahit”, sayı 8

  3. Niyazi Kürdemir, “Hiung-nular”, İstanbul Üniversitesi, 1939

  4. Niyazi Kürdemir, İkinci Bin Yılda Küçük Asya’da Asur Ticaret Müstemlekeleri, 1938-1939. Bitirme. Arkeoloji Enstitüsü Edebiyat Fakültesi -- İstanbul Üniversitesi.

  5. “Dergi” (Münxen), sayı 20, 1960

  6. “Cumhuriyet”, 26.12.1964

  7. “Türk Birliği”, sayı 2, may 1966

  8. Şahika Elmas Kürdemir, “Kırım Gezimiz”, “Kırım Bülteni”, sayı 54, iyul-sentyabr 2004

  9. Cengiz Gökgöl, “Niyazi’yi de Kaybettik”, “Türk Birliği”, sayı 3, iyun 1966

  10. Fotoşəkillər Ceyhun Nəbi və Turan İbrahimova məxsusdur


Müəllif: Dilqəm Əhməd