Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, yanvarın 1-dən başlanmış növbəti həqiqi hərbi xidmətə çağırış başa çatıb.
Teleqraf.com-un məlumatına görə, minlərlə gənc hərbin sirrlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün hərbi hissələrə yola salınıb. Eyni zamanda, xidmət müddətini bitirmiş əsgər, matros və çavuşlar da ehtiyata buraxılıblar.
Sərəncama əsasən, 1997-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2015-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 3-də Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.