Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə məktəblilər üçün “açıq qapı” günü keçirib.
Teleqraf.com xəbər verir ki, mərkəzdə reallaşdırılan tədbirdə Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt Şəhər Bölməsinin əməkdaşları, Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin və şəhərin təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Bayrağı meydana gətirilib, Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafı, fiziki və mənəvi cəhətdən sağlam yetişməsi, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, habelə Nazirliyin müvafiq yerli qurumlarının fəaliyyəti ilə tanış etmək olub.
Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov çıxışlarında əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, bu günün əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev uşaqların sağlam, firavan, xoşbəxt yaşaması, onların hərtərəfli inkişafı naminə daim məqsədyönlü tədbirlər həyata keçirib, bu mütərəqqi siyasət Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bu istiqamətdə Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxsaylı layihələrin əhəmiyyəti vurğulanıb.
Sonra uşaqların hazırladıqları ədəbi-bədii hissə nümayiş olunub.
Daha sonra uşaqlar FHN-in yerli qurumlarının texniki imkanları ilə tanış olub, onları maraqlandıran suallar cavablandırılıb.