"Əmək pensiyaları haqqında" qanuna ediləcək yeni dəyişikliklər Milli Məclisin sonuncu plenar iclasında 2-ci oxunuşda qəbul olundu.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, yeni dəyişikliklərlə bağlı ən çox ünvanlanan suallardan biri də onun hərbiçilərin pensiyalarına necə təsir etməsi ilə bağlıdır:
“Belə ki, yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır. Qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100 faiz sağlamlıq imkanlarını itirən hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, hazırda onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur. Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur. İndi bu həmin vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faiz həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq.
Qeyd edək ki, yeni dəyişiklik pro-aktiv, yəni elektron pensiya təminatını da gücləndirəcək. Bu isə proseduralardan keçmədən, qısa zamanda pensiya təminatına imkan verəcək”.