Ötən gün Bakının Günəşli qəsəbəsində imtahandan keçə bilmədiyinə görə şagird intihar edib. Az qala hər il imtahanlar ərəfəsində intihar hallarının artması cəmiyyətdə narahatlıqla qarşılanır.
Məsələ ilə bağlı Teleqraf.com-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, valideynlər arasında maarifləndirmə işi aparmaq lazımdır:
“Valideynlər başa düşsünlər ki, bu, çox həssas məsələdir. Bu da uşaqların psixologiyasına təsir edə bilər. İmtahan prosesinə 6-7 ay qalmış müddətdə evdə uşaqlara həssas münasibət göstərilməlidir. Bir çox hallarda araşdırıb görürük, yüksək nəticə göstərə bilməyən uşağını valideyn danlayır, vurur ki, sənə pul verib hazırlıqlara göndərmişəm, başqalarının yanında bizi utandırdın. Bu şəkildə uşağı ruhdan salır və aşağılayırlar.
Məsləhətim odur ki, bütün sayt və televiziyalarda imtahana 2-3 ay qalmış valideynlər arasında maarifləndirmə işləri aparılsın. Həmçinin uşaqların özlərinə də başa salmaq lazımdır ki, bu, həyatın sonu deyil, bu il universitetə daxil olmamısansa, növbəti il girə bilərsən. Bu istiqamətdə uşaqlarda lazımi rəy yaradılmalıdır”.