4 İyun 18:35
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Birinci Qarabağ müharibəsinin şəhidləri Muradov Zakir Minad oğlu və Rəcəbov Osman Xəlifə oğlunun cəsədlərinin qalıqları Xaçmazda dəfn olunub.

Teleqraf.com xəbər verir ki, 1992-ci ildə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçülər ölümlərindən 32 il sonra doğma yurdlarında torpağa tapşırılıblar.

Şəhid Osman Rəcəbov rayonun Maqsudkənd, Zakir Muradov isə Yeni Sudur kəndində dəfn edilib.

Dəfn mərasimlərində şəhidin ailə üzvləri ilə yanaşı, Xaçmaz Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və sakinlər iştirak ediblər.

Şəhidlər Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıblar. Dəfn mərasimlərində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Tabutlara bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidlərin ailə üzvlərinə təqdim edilib.

Şəhid Muradov Zakir Minad oğlu 25 aprel 1971-ci ildə Xaçmaz rayonunun Yeni Sudur kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsinə könüllü yollanıb. 9 noyabr 1992-ci ildə Ağdərədə şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Şəhid Rəcəbov Osman Xəlifə oğlu isə 1 mart 1969-cu ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində doğulub. Cəbhəyə könüllü yollanan Osman Ağdərədə döyüşüb. Qəhrəman döyüşçünün son savaşı 17 noyabr 1992-ci ildə Ağdərənin Qozlu kəndində olub.

Zakir və Osmanın şəhid olduğu müəyyənləşsə də, dəfn edildiyi yer barədə məlumat yox idi.

Aparılan araşdırmalardan sonra hər iki döyüşçünün Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi basdırıldığı müəyyənləşib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər