İyunun 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov “Xəzər hövzəsi keçid dövründə, yer elmləri və ətraf mühit problemləri arasında körpü 2024” adlı konfrans çərçivəsində ölkəmizdə səfərdə olan tədqiqatçılarla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Rafiq Camalov, UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova, Cenevrə Universitetinin Qlobal ətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hedjazi, Oksford Universitetinin Geofizika üzrə tədqiqatçısı Neil Marshal, Yer elmləri üzrə tədqiqatçısı Richard Walker Comet, həmçinin Kaliforniya Texnologiya İnstitutunun tədqiqatçısı, professor Sassan Saatçi iştirak ediblər.
Qonaqları universitetdə salamladıqdan sonra rektor əvəzi, dosent Vazeh Əskərov ölkəmizin COP29 kimi mühüm bir tədbirə ev sahibliyi etdiyi ərəfədə və Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində yaşıl enerji sahəsində elmi konfransların və layihələrin keçirilməsinin universitetlər və elmi müəssisələrlə əməkdaşlığın genişləndirilməsində və yeni layihələrin işlənməsində mühüm təkan verdiyini deyib. ADNSU-nun bu istiqamətdə əlaqələrinin daha da genişləndirməsinə, elmi-tədqiqat işlərinin aparılmasına hər zaman açıq olduğunu deyən dosent Vazeh Əskərov əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.
ADNSU-da olmaqdan məmnun olduqlarını bildirən qonaqlar müasir çağırışlara cavab verən konfrans çərçivəsində keçirilən görüşlərin və müzakirələrin önəmindən danışıblar. Təmsil etdikləri universitetlər haqqında məlumat verdikdən sonra birgə əməkdaşlıq və tədqiqat üçün geniş imkanlar olduğunu qeyd edən qonaqlar apardıqları tədqiqat işləri, yeniliklər və innovasiyalarla bağlı həyata keçirilən layihələrdən danışıblar.
Sonda qonaqlara hədiyyələr təqdim edilib.
Qonaqlar universitetə səfər çərçivəsində ADNSU-nun Minerologiya muzeyini ziyarət ediblər, burada qorunub saxlanılan müxtəlif növ minerallarla, həmçinin, Tarix muzeyində neft tarixinə və universitetə aid eksponatlarla tanış olublar.