Dünya şöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər Bakıda olduğu zaman həddindən artıq yemək və çox ət qəbul etməyin sağlamlığa zərərli olduğunu deyib. Ətdən çox istifadənin faydalı olub-olmaması mövzusu çox zaman mübahisə yaradır. Bəziləri ət məhsullarının zərərli olduğu fikrini bölüşsə də, onun insan orqanizmi üçün zəruri olduğunu düşünənlər də az deyil. Son illər xərçəng xəstəliyinin artmasına səbəb kimi ət məhsullarından istifadə əsas gətirilir.
Bəs həqiqətən ət yemək ziyanlıdır və xərçəng riskini artırır?
Teleqraf.com-a danışan təbii üsullarla müalicə üzrə mütəxəssis Ərşad Əzimzadə deyir ki, insanlarda xəstəlikləri törədən, ömrü azaldan qidalar arasında ətin xüsusi yeri var:
“Bu suala “Əsrin bəlası: mif və həqiqətlər” kitabımda cavab var. Un məmulatları, ət və ət məhsulları, yağ, çay, şəkərli qidalar bütün xəstəliklərin törəməsində iştirak edir. Bunların başında ət gəlir. Son illər xərçəng xəstəliyinə tutulanların sayının sürətlə yayılmasını səbəb bu qidaların üstünlük təşkil etməsidir.
Mən ətin heç bir növünü heç bir formada yemirəm. Həmçinin, çörək də yemirəm, şəkərdən, qara çaydan uzağam. Şəkər əvəzinə bal, çay əvəzinə bitkilərdən istifadə edirəm. İnsanlara da tövsiyə edirəm ki, ət yeməsinlər.
Ancaq mənə deyirlər ki, “Ərşad müəllim, ətsiz insan yaşayar?” Deyirəm, bəs mən necə yaşayıram? Çox da gümraham. Ət çiy halda faydalıdır. Çiy halda tərkibində vitaminlər, faydalı elementlər var. Bişirlidikdən sonra faydalı elementləri ölür. Tərkibində ancaq zülal qalır. Zülal da bizə çox cüzi miqdarda lazımdır.
Əvvəllər insanlar əti az yeyirdilər. Ümumiyyətlə insan ətyeyən canlı olmayıb. Mən bunu bütün kitablarımda yazıram. Deyirlər ki, ət insana enerji verir. Ancaq bu, doğru deyil. Enerjini günəş verir. Əsas olan zəka, ağıl, təfəkkür gücüdür. Ət yeyənlərin heç birində iradə yoxdur. Deməli onlar gücsüzdürlər. Mən isə 90 yaşında kitab yazıram”.
Qida eksperti Məhsəti Hüseynova isə hesab edir ki, ət insan orqanizmi üçün çox önəmli qida maddələrindəndir:
“Ət zülal mənşəlidir. Burada söhbət mənşəyi bəlli olan ətdən gedir. Azərbaycan üçün ənənəvi olan böyükbaş heyvanlardan dana, camış, qoyun qırmızı ət qismində daha çox istifadə olunur. Bunlar istifadə olunarkən gün ərzində 150-200 qramı keçməmək lazımdır.
Yaxşı olar ki, bişirilərkən həddindən çox qaynadılmasın, çox qızardılmasın. Çox qızartdıqda tərkibində xərçəng yaradan maddələr yaranır. Ət orqanizmin bioloji sağlamlığının qorunması üçün vacibdir. Ət və ət məhsulları deyiriksə, işlənmiş məhsullar nəzərdə tutulursa, onlar sağlamlığa faydalı deyil. Bu kimi məhsullardan zəhərlənmələr olur. Tərkibindəki keyfiyyətsiz qida maddələri boyalar, dadlandırıcılar olur.
Ətin tərkibində mikroorqanizimlər sürətlə çoxaldığına görə onda istifadə olunun nitrad və nitridlər var ki, ətə həm qırmızı rəngi verir, həm də mikroorqanizmləri öldürür. Həmin mikroorqanizləri öldürdüyünə görə insan bunu qəbul edərkən bağırsaqlarda faydalı mikroorqanizlərin məhv olmasına gətirib çıxarır.
Beləliklə, immun sistemi aşağı düşdüyü üçün bir çox xəstəliklərə yoluxma riskini artırır.
Bu kimyəvi maddələr insan orqanizmində həll olunmayıb uzun müddət qaldığına görə normal orqanizmin funkisyasını pozur. Həm xərçəngə, həm də digər xəstəliklərə səbəb yaradır”.
Ekspertin sözlərinə görə, keyfiyyətli, mənşəyi bəlli olan ət yeyilməlidir:
“Sağlam ət mütləq şəkildə insan orqanizminə lazımdır, yeyilməsi vacibdir. Keyfiyyətli ət istifadə etməyən insanların əksəriyyəti qan azlığından əziyyət çəkir. Ətin tərkibində olan dəmir maddəsi qan azlığının qarşısını alır. Ona görə istifadə etmək lazımdır. Ancaq miqdarından artıq qəbul ediləcəksə, bu zaman daha çox zülal qəbul edildiyinə görə böyrəklərdə problemə gətirib çıxara bilər”.