Ekoloq Ənvər Əliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəsini oxuculara təqdim edirik:
- Bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Necə düşünürdünüz, konfransın hansı əhəmiyyəti var?
- Ekoloji siyasətin həyata keçirilməsində COP29-un rolu böyükdür. COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans deyil, həm də ekoloji problemlərin həlli üçün mühüm addımların atılacağı qlobal forumdur.
Bu forumun Azərbaycan üçün bir çox istiqamətlərdə əhəmiyyəti böyükdür. Xüsusən fəsadların aradan qaldırılması baxımından ondan gözləntilər çoxdur.
Bir sözlə, COP29 iqlim dəyişikliyi ilə mübarizədə ən vacib tədbirlərdən biridir və bu zirvə yaşıl enerjinin gələcəyi və innovasiyalar mövzusunda qlobal səylərin artırılmasına yönəlib.
- COP29-dan gözləntilərdən söz düşmüşkən, sizсə, əsas hansı məsələlərin həlli istiqamətində addımlar atılmalıdır?
- Dünyanın bir çox ölkəsində atmosferin yaxşılaşdırılması və alternativ enerji mənbələrinin yaradılması, eləcə də ətraf mühit problemləri xüsusi araşdırılır. Onların həlli istiqamətində bir çox uğurlu addım atılır. Bu addımlar Azərbaycanda da həyata keçirlisə, çox faydalı olar. Xüsusən müasir suvarma sistemlərinin tətbiqi üçün qərarlar qəbul olunmalııdr. Bir çox ərazilərimiz şoranlaşaraq dövriyyədən çıxıb. Nizamsız suvarma nəticəsində şoranlaşma artıb. Bu torpaqları dövriyyəyə qaytarmaq üçün su kanallarının hamısı betonlaşmalıdır.
Məsələn, yaxşı olar ki, Azərbaycanda 100 hektar ərazinin suvarma sistemləri COP29 konfransından sonra, onların müşayiəti ilə şoranlıqlar təmizlənib dövriyyəyə buraxılardı. Ola bilər ki, COP29-un təklifi nəticəsində Mingəçevirin, Yevlağın və ya hansısa digər ərazilərdə kəndlərin enerji təminatı günəş enerjisi hesabına başa gəlsin. Belə addımlar atılsa, çox yaxşı olar.
Mənim COP29-dan əsas gözləntim isə işğaldan azad olunan ərazilərin inkişafına verəcəyi töhfədir.
- COP29 işğaldan azad olunan ərazilərin bərpa edilməsinə hansı töhfələri verə bilər?
- Hələ ki o ərazilərin bir qismi dövriyyəyə qaytarılmayıb. Bildiyimiz kimi orada flora - bitki örtüyü, fauna - heyvanat aləmi məhv edilib. Düşən bombalar, zəhərli qazlar ətrafı yandırıb. Torpağın strukturu dəyişdirilib.
Hər hansı ərazidə torpağa düşən bomba çala açırsa, o torpaq yararsız hesab edilir. Çünki torpaq qatları məhv olur. Birinci əsas məsələ torpaq məsələsidir. Çünki həmin ərazilərdə humus qatı parçalanıb, canlılar məhv olunub. Milyardlarla göbələk bakteriyalar var ki, onlar torpağı yenidən dövriyyəyə qoşur, onu münbitləşdirir. Zərərli qazların təsirindən bu bakteriyalar, mikroqanizmlər məhv edilib.
- Azərbaycanda "yaşıl enerji"yə keçidi necə qiymətləndirirsiz?
- Azərbaycanda həm günəşli, həm də küləkli günlərin sayı çoxdur. Bunu nəzərə alsaq, deyə bilərik ki, bu regionda günəş və külək energetikasının inkişafı daha perspektivlidir. Alternativ və bərpaolunan enerji mənbələrindən biri hesab olunan külək enerjisi - küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət enerjisidir.
Alternativ enerjidən istifadə son illərdə artmaqdadır. Günəş enerjisi, külək enerjisi və bioloji qazlardan istifadə də daxil olmaqla, alternativ enerji mənbələri ölkə üçün əhəmiyyətli bir istiqamətdir. Bu addımlarla yanaşı, Azərbaycan "yaşıl" enerji infrastrukturunun keyfiyyətini artırmağa çalışır.
Biz anlamalıyıq ki, təbii enerji ehtiyatları əbədi deyil, tez-gec nə vaxtsa onlar tükənəcək. Ona görə də təbii ehtiyatlara qənaət etməliyik. “Yaşıl enerji”, bərpaolunan enerjidən istifadəyə üstünlük verməliyik. Dünyada artıq uzun müddətdir bu təcrübə var. Yaponiya, demək olar, əksər sahələrdə bərpaolunan enerjidən istifadə edir. Günəş, külək, hidroenerji kimi alternativ enerji mənbələrindən istifadə təbiətin qorunmasında böyük əhəmiyyət daşıyır.
- Bu gün Azərbaycan üçün əsas ekoloji problemlər nələr hesab edilir?
- Suvarma sistemlərinin artırılması çox vacibdir. Suyun hər qramından diqqətlə istifadə etməliyik. Suvarma çox aparılan ərazilərdə günəş radiasiyası yüksəkdir. Həmin ərazilərdən günəş enerjisinin toplanılması üçün istifadə edilə bilər. Bu enerjidən məişətdə də istifadə edə bilərik.
Təəssüf ki, Kür-Araz ovalığı ərazisində nəhəng şoranlıq yaranıb. Quralıqları yenidən dövriyyəyə qaytarmaq üçün müasir texnologiyaya uyğun suvarma sistemləri qurulmalıdır.