8 İyun 16:51
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Audiovizual Şura bəzi vətəndaşların daxili TV antenası ilə birbaşa Bakı Teleqüllə Kompleksindən yayımlanan kanalların izlənməsində yaşadıqları çətinliklərlə bağlı müraciətlərinə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, şuradan Bakı şəhəri və Abşeron yarımadası ərazisinin çox hissəsində Bakı Teleqüllə Kompleksindən 85-95 km məsafədə təmiz siqnalın olduğu bildirilib.

Çünki bu stansiyada istismar olunan televiziya vericilərinin gücü və verici antenaların gücləndirmə əmsalı kifayət qədər yüksək, antenaların hündürlüyü isə təxminən 400-450 metr arasındadır:

“Lakin Bakı şəhəri və Abşeron yarımadasının bəzi yerlərində relyefin nahamar olması, yeni hündür mərtəbəli binaların inşası səbəbindən düz radiogörmə təmin olunmur və ya müxtəlif böyük ölçülü maneələr (divarlar, keçirici materiallardan ibarət olan çərçivələr, təpələr və s.) olduğu təqdirdə yerüstü televiziya yayımının aparıldığı desimetrlik dalğalar bu maneələri aşa bilmir və ona görə də qəbul şərtləri pozulmuş olur”.

Həmçinin qeyd edilib ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisində cari ilin mart ayından etibarən, bir çox TV kanalları DVB-T2 standartı üzrə sınaq yayımları həyata keçirir:

“Bu standart 2014-cü ildən qabaq istehsal olunmuş TV qəbuledicilər tərəfindən dəstəklənmir. Qeyd edək ki, yeni standart barədə qabaqcadan ictimaiyyətə müvafiq qaydada məlumat verilib”.

Audiovizual Şura sözügedən problemlə qarşılaşan vətəndaşlara bu barədə qurumu məlumatlandırmağı tövsiyə edib:

“Məsələni yerində monitorinq etdikdən sonra digər aidiyyəti qurumlarla birlikdə problemin həlli istiqamətində müvafiq addımlar atılacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə bəzi vətəndaşlar paylaşımlar edərək daxili TV antenası ilə birbaşa teleqüllədən yayımlanan kanalların izlənməsində dalğa problem ilə qarşılaşdıqlarını bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər