Bəzi kütləvi informasiya vasitələrində 12 saylı Vəkil Bürosunun vəkili Məhərrəmli Əhməd Nizami oğlunun Lənkəran Ağır Cinayətlər Məhkəməsində müdafiəçi qismində iştirak etdiyi işdə hakimlə mübahisə etdiyinə görə fəaliyyətinin 1 aylıq dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Teleqraf.com-a Vəkillər Kolleksiyasıbdan bildirilib.
"Belə ki, Vəkillər Kollegiyasına Məhərrəmli Əhməd Nizami oğlu ilə bağlı vətəndaşın şikayəti daxil olub, intizam icraatı başlanılıb, araşdırma aparılıb və pozuntu müəyyən olunub. Pozuntuya əsasən Vəkillər Kollegiyası Rəyasət Heyətinin 17.05.2024-cü il tarixli iclasında vəkil Əhməd Məhərrəmlinin vəkillik fəaliyyəti dayandırılmaqla Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunması qərara alınıb" - deyə məlumatda qeyd olunub.
***
Məhkəmədə hakimlə mübahisə edən tanınmış vəkilin vəkillik fəaliyyəti müvəqqəti dayandırılıb.
Teleqraf.com xəbər verir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti belə qərar qəbul edib.
Məlum olub ki, 12 saylı vəkil bürosunun vəkili Əhməd Məhərrəmli Lənkəran Ağır Cinayətlər Məhkəməsində müdafiəçi qismində iştirak etdiyi işdə hakimlə mübahisə edib. Hakim isə vəkilin hərəkətləri ilə bağlı Vəkillər Kollegiyasına şikayət edib.
Şikayət əsaslı olduğuna görə, kollegiyanın qərarı ilə Əhməd Məhərrəmlinin fəaliyyəti 1 aylıq dayandırılıb.
Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işlərdən biri bu səbəbdən təxirə salınıb. Hakim Əli Məmmədov deyib ki, tərəflərdən birinin vəkili Əhməd Məhərrəmlinin vəkillik fəaliyyəti dayandırıldığına görə məhkəmədə iştirak edə bilmir. Həmin səbəbdən proses təxirə salınıb. Vəkil icraatında olan digər işlərdə də iştirak edə bilməyəcək.