İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Bayramla əlaqədar ölkədə ət və ət məhsullarının qiymətində artım müşahidə olunduğu bildirilir. Hesab edilir ki, bu il də bayram ərəfəsində ətin qiyməti artacaq.
Teleqraf.com-a danışan iqtisadçı ekspert Akif Nəsirli deyir ki, topdansatış ət bazarında 23-25 manata qədər bahalaşma müşahidə etmək mümkündür:
“Azərbaycanda daxili bazarda müəyyən dövrdə ət qıtlığı yaşanıb. Birinci səbəb budur ki, fermer öz məhsulunu gətirib bazarda sata bilmir. Bazara çıxış imkanları məhdudur. Fermerin bazara əli çatmadığına görə qiymət bir qədər bahalaşıb.
Sözsüz ki, Beyləqanda ətin qiyməti ilə Bakıda ətin qiymətində fərq olmalıdır. Çünki bunun yol, kəsim və sair xərcləri var. Ancaq fərq bu qədər çox olmamlıdır.
Rayonlarda 14-13 manata alınan ət, Bakıda 18-19 manata satılır. Bu çox böyük fərqdir. Qəssəbxana ilə müqayisə etmək lazım deyil. Beyləqandakı qəssabxana ilə Bakıdakı qəssabxananı müqayisə edəndə arada bir-iki manat fərq olacaq.
Ancaq əti topdansatış bazarında mal bazarı deyilən yerlə müqayisə etsək görərik ki, 14 manata olan ət Bakıda 20 manata satılır. Birinci səbəb fermerlərin bazara çıxış imkanlarının məhdud olması, digər səbəb isə ət qıtlığıdır. Təəssüf ki, biz heyvanlarılıq təəssürüfatları küncə sıxışdırmışıq. Ət azdır, qıtdır, ət azdırsa, tələb təklifi üstələyirsə, bu zaman qiymətlər bahalaşmalıdır. Bu, bazarın qanunudur. Ona görə də 2016-ci ildən bu günə qədər ətin qiymətində bir dəfə də olsun ucuzlaşma olmayıb”.
İqtisadçının sözlərinə görə Qurban bayramında ətin qiymətinin bahalaşıb, daha sonra ucuzlaşması epizodik haldır:
“Bazarda təklif artmalı, rəqabət olmalıdır. Azərbaycanda Qurban bayramında əsasən xırdabuynuzlu heyvanlara tələbat artır. Dana, dəvə kimi iri heyvan kəsənlərin sayı azdır. Əksəriyyət xırdabuynuzlulardan alıb qurban kəsir. Ona görə də xırdabuynuzlu heyvanlara tələbat artır. Tələb artanda qiymətlər də qalxır. İndi 17-18 manata olan ətin kiolsu 20 manatdır. 20 kiloluq heyvan daha 400 manata satılamayacaq.
Qurban bayramında həmçinin heyvanın gözəgəlimli olmasına da baxırlar. Gözəgəlimli heyvanlar dəyərindən 10 faiz baha satılır.
Əgər bazarın alternativi olsa, bahalaşma yox, ucuzlaşma olar. Türkiyədə Qurban bayramı ərəfəsində qurban heyvanları ucuzlaşır. Çünki orada bazarda bir neçə rəqib var. Rəqabət olmayan yerdə qiymətin ucuzlaşması, optimal qiymətin formalaşması mümkün deyil. Qiymət daim bahalaşaya doğru meyilli olur. Biz heyvandarlılğı stimullaşdırmalıyıq. Heyvandarların əlindən alınan örüşlər onlara qaytarılmalıdır”.