Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Şamaxı və Daşkəsən rayonları ərazisində fəsadlara səbəb olub.
Bu barədə Teleqraf.com Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verib.
Bildirilib ki, intensiv yağıntılar nəticəsində Daşkəsən rayonu ərazisində yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Çanaxçı-Alaxançallı, Daşkəsən-Xoşbulaq-Astaf, Quşçu-Zəylik, Daşkəsən-Dəstəfur-Qıyıqlı, Şamaxı rayonunda isə Dəmirçi, Qonaqkənd, Qızmeydan, Ərçiman və Qəleybuğurd-Sis-Qaladərəsi avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və qaya parçaları tökülüb, suötürücü borulara ziyan dəyib.
Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə AAYDA-nın xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.
Aparılan işlər çərçivəsində yollardan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Hazırda yollarda təmizləmə işləri davam etdirilir.