Azad edilən ərazilərdə Qurban bayramında heyvan kəsimi üçün dörd müvəqqəti çadır qurulub.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov deyib.
Çadırlar Ağdərənin Talış və Zəngilanın Ağalı kəndində, Füzuli və Şuşa şəhərlərində qurulub. O bildirib ki, həmin yerlərdə heyvanlar baytar nəzarətindən keçəcək və Qurban bayramı qeyd olunacaq.
"İstehlakçılara çağırışımızın məqsədi ünvanlar ilə yaxından tanış etməkdir. Çünki bəzi məntəqələrdə yalnız kəsim, bəzilərində isə yalnız satış, bəzilərində həm satış, həm kəsim prosesi həyata keçirilir. Yalnız kəsim fəaliyyəti nəzərdə tutulan yerlərdə iri heyvanların satışına icazə verilməyəcək. Orada vətəndaşlar öz gətirdikləri heyvanları kəsə bilərlər. Qanunsuz kəsim hallarına rast gəldikdə çox sərt tədbirlər görüləcək", - Elxan Mikayılov qeyd edib.