14 İyun 16:51
289
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük müharibə Azərbaycan tarixinin parlaq şanlı səhifəsi olmaqla yanaşı, həm də keçmişimizdən gələn qəhrəmanlıq çağırışlarının təcəssümü idi. Birinci Qarabağ müharibəsi məğlubiyyətlə nəticələnsə də, illərin ideoloji, mənəvi və hərbi hazırlığı öz bəhrəsini verdi. Vətən müharibəsi birmənalı olaraq bütün cəmiyyəti hətta hərbinin nə olduğunu dərk etməyənləri də potensial əsgərə çevirdi. Ordumuz ruhumuzun ordusuna, xalqımızın qüruruna çevrildi. Bu tərzdə sevgi, xalq məhəbbəti və dəstəyi bugünədək görünməmişdi. Çünki bu haqq savaşı xalqın ümdə arzusuna çevrilmişdi. Ali Baş Komandan tariximizin bizə bəxş etdiyi görkəmli sərkərdələrin, komandanların yolu ilə getdi.

Teleqraf.com xəbər verir ki, bunu Politoloq Arzuman Abdulkərimov deyib.

Onun sözlərinə görə, o, hökmdar-sərkərdə birgəliyini bütün varlığı, istəyi və fəaliyyəti ilə sübut etdi.

1993-cü ildə xalqın təkidli istəyi ilə Naxçıvandan Bakıya gələn ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası necə önəmli idisə, İlham Əliyevin Qarabağ fatehi missiyasını üzərinə götürməsi və başa çatdırması da xalqımız üçün həyati önəm daşıyırdı. Hər iki dövlət rəhbərimizin özünə prioritet seçdiyi dövləti qorumaq, möhkəmləndirmək, ərazi bütövlüyünü bərpa etmək xətti 2020-ci ildə öz kulminasiya nöqtəsinə çatdı. 44 günlük müharibədə qələbə qazanmaqla Qarabağın mütləq əksəriyyəti azad edildi, düşmən pərən-pərən salındı. Bundan sonra 2023-cü ildəki 1 günlük hərbi əməliyyat üçün əlverişli reallığıq yarandı və Xankəndi, Xocalı və ətraf yaşayış mənqtələri bir-birinin ardınca azad edildi. 2024-cü ilin ilk aylarında Qazaxın işğal altında olan 4 kəndi azad edildi. Bu böyüklüyü dərk etmək üçün heç də xüsusi təhsilə, alimlik dərəcəsi almağa və yaxud gözün görmə bucaqlarının işıqlı olmasına gərək yoxdur. Bu elementar vicdan məsələsidir. Azacıq milli heysiyyata və vicdani duyğulara sahib olan istənilən kəs cəmi 4 il ərzində Azərbaycanın haradan haraya gəldiyini görüb anlamaqda heç vaxt çətinlik çəkə bilməz. Azacıq tarixə boylanan və müasir tarixi yaşayan şəxs də Ermənistanın Azərbaycana qarşı elan etmədən müharibəyə başlamasından üzü bəri hansı faciələrə imza atdığını yaxşı xatırlayır. Bu baxımdan, hər bir azərbaycanlının qəlbində öz möhürünü vuran 44 günlük müharibədə qazandığımız qələbənin fəlsəfəsini gələcək nəsillərə ötürmək üzərimizdə bir haqq olmalıdır, desək yanılmarıq. Bu gün Azərbaycan Cənubi Qafqazda min illik tarixi dominantlığını davam etdirir. Bu, qətiyyən mübaliğə deyil.

Son qələbələrimiz elə parlaq oldu ki, dünyanın heç bir ciddi siyasətçisi, beynəlxalq qurumu bizi qınaya bilmədi, yolumuzdan çəkindirməyə cəhd belə etmədi. Nəzərə alaq ki, erməni lobbisinin gücü və maliyyə mənbələri hansı səviyyələrdə idi. Lakin Azərbaycanın gücünün etirafı təkcə onun hərbi üstünlüyü ilə assosiasiya olunmurdu. Bu güc özünü haqlı olma statusundan alırdı. Biz güclü olduğumuz qədər də haqlı, həm də ədalətli idik. Ermənistan isə hara getsə də, daşıdığı günah kompleksi ilə yanaşı hərəkət edirdi. Çünki Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20 faizini işğal edən Ermənistanla danışıqlar apararaq bu münaqişəni sülh yolu ilə nizamlamağa yetərincə çalışmışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı da.

Ötən müddət ərzində ümummilli lider Heydər Əliyevin uzaqgörənlilik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük işlər gördüyü, sağlam təməllər yaratdığının əbəs olmaması bütün tərəfləri ilə özünü sübut etdi.

Bu yolu uğurla davam etdirən isə heç şübhəsiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oldu. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz tarixinə, tarixi və beynəlxalq hüquqla təsbitlənmiş torpaqlarına uzanmış yad əlləri kəsdi. Ötən dövr ərzində çoxşaxəli, prinsipial, dürüst xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal işin aparılması, sıx əlaqələrin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələri Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini xeyli gücləndirdi, ölkənin nüfuzunu artırdı, bölgədə Azərbaycanın iradəsi həlledici amilə çevrildi. Bütün bu amillər Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirdi və onun əldə edilməsi an məsələsinə çevrildi.

Bu gün Azərbaycan regional siyasi şərtləri öz xeyrinə dəyişməyi bacarmış nadir dövlətlərdən biridir. Bu gün Cənubi Qafqazın siyasət masasında həlledici tərəf Azərbaycandır. Qarşıda bizləri Qərbi Azərbaycana qayıdış konsepsiyasının gerçəkləşməsi gözləyir. Dövlət başçımız da Qərbi Azərbaycan icmasının inkişafına yaxından dəstək göstərir, bu məsələni beynəlxalq müstəviyə daşımaqda israrlıdır. Çıxışlarında bu məsələyə dəfələrlə toxunur. O, qəti şəkildə qeyd edir ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır…Biz torpağımıza tankla, topla deyil, dinc şəkildə qayıtmaq istəyirik.

Prezident İlham Əliyev Türk dünyasını birbaşa quru yolla birləşdirən Zəngəzur dəhlizinin açılaraq tarixi ədalətsizliyə son qoyulması gününün də uzaqda olmadığını dönə-dönə vurğulayır və bunun üçün yorulmadan çalışır. Əlbəttə, arxa plana atılmış Qərbi Azərbaycan, Zəngəzur dəhlizi ifadələrini yenidən canlandıran, mövcud reallıqları yaradan səbəb 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmiz idi. Burada, heç şübhəsiz ki, məhz Ali Baş Komandan İlham Əliyevin milli dövlətçilik tariximizin əsaslarına sadiqliyini, prinsipiallıqla apardığı qətiyyətli siyasəti qeyd etmək mütləqdir. Bu zəfərlə dolu keçən illərimizi, bir vaxtlar əlçatmaz hesab etdiyimiz qalibiyyət xəbərləri ilə zəngin günlərimizi müzəffər Ali Baş Komandanın bu fikirləri ilə yekunlaşdırmaq istərdim: “Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər