28 İyun 18:23
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” qəbul ediləcək, MSK-nın nəzdində ekspert qrupu və işçi qrupu yaradılacaq.

Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə qərar qəbul edilib.

Milli Məclisin iyunun 21-də keçirilən plenar iclasında YAP deputatlarının təşəbbüsü müzakirə olunub, qərar qəbul edilib. Deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət ediblər.

İyunun 27-də Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçirilib və iclasın yekununda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.

Prezident İlham Əliyevin iyunun 28-də “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər