4 Fevral 2015 17:55
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Gəncə şəhərində bu şəhərin, eləcə də Samux, Göygöl, Şəmkir, Gədəbəy, Daşkəsən, Tovuz, Ağstafa, Qazax rayonlarının işəgötürənləri üçün “Açıq qapı” günü keçirib.

Teleqraf.com-un məlumatına görə, “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində keçirilən tədbir bölgədə fəaliyyət göstərən işəgötürənlərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları, norma və standartları barədə maarifləndirilməsi, onların bu məsələyə diqqətinin artırılması məqsədinə xidmət edib.

DƏMX-in mütəxəssisləri iş yerlərində əməyin mühafizəsi tələblərinə əməl olunmamasının istehsalatla əlaqəli bədbəxt hadisələrə və bu hadisələr nəticəsində işçi insanların həlak olmalarına, xəsarət almalarına və ya peşə xəstəliyinə məruz qalmalarına səbəb olduğunu vurğulayıblar. Qeyd olunub ki, işçi insanların həyat və sağlamlığının qorunması baxımından daim aktual olan bu məsələyə hələ də bir sıra işəgötürənlər tərəfindən lazımınca diqqət yetirilmir. Təsadüfi deyil ki, son bir ildə respublikada əmək qanunvericiliyinin pozulması ilə bağlı aşkar olunan hüquq pozuntularının 10,3 faizi əməyin mühafizəsinin tibbi-sosial məsələləri və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə bağlı olub.

Tədbirdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları, norma və standartları barədə ətraflı məlumat verilib. Eyni zamanda işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsinin işəgötürənlərin əsas vəzifələrindən olduğu bildirilib, bu barədə tədbir iştirakçılarına hüquqi-praktik bilgilər verilib. Bölgədə fəaliyyət göstərən müəssisələrdə əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində mövcud vəziyyət, əmək prosesində peşə risklərinin minimum səviyyəyə endirilməsi üçün qarşıda duran vəzifələr də müzakirə olunub, işəgötürənlərin iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı sualları ətraflı cavablandırılıb.

Naibə QURBANOVA


Müəllif: