5 Fevral 2015 11:06
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında keçirilən növbəti interaktiv sorğu başa çatıb.

Teleqraf.com-un məlumatına görə, Bu dəfəki sorğu zamanı respondentlərə “Hansı məsələlər barədə daha ətraflı məlumatlandırılmağa ehtiyac duyursunuz” sualı ünvanlanıb.

Sorğuda iştirak edənlərin 42,83 faizi sosial sığorta haqqında ətraflı məlumatlandırılmağa ehtiyac duyduğunu bildirib. Respondentlərin 40,05 faizinin fikrincə, əmək pensiyaları haqqında ətraflı informasiyaya ehtiyac vardır. Rəy bildirənlərin 17,12 faizi isə fərdi uçot sistemi ilə bağlı ətraflı məlumat almaq istəyini ifadə edib.

Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı daim genişləndirilir. “Elektron hökümət” portalının statistikasına əsasən, DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. 2014-cü ildə Fondun 6 yeni elektron xidməti aktivləşdirilərək, “Elektron hökumət” portalına inteqrasiya edilib. İl ərzində Fondun həm öz saytı, həm də “Elektron hökumət portalı” və “Elektron ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 milyon 380 minə yaxın istifadə sayı qeydə alınıb.

Ötən dövr ərzində bütün zəruri işlər görülərək, məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, bu da beynəlxalq təşkilatın reytinq göstəricisində öz əksini tapıb. Belə ki, “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.

“Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidməti sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir.

Hesabatların elektron qaydada təqdim edilməsini nəzərdə tutan “Elektron hesabat” xidməti isə DSMF-nin sığortaedənlər tərəfindən ən fəal istifadə olunan elektron xidmət növlərindən biridir. Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanına malikdirlər.

Ötən il pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən “Mərkəzi çağrı sistemi” (“190-0” nömrəli telefon məlumat xidməti) vasitəsi ilə həyata keçirilməsi davam etdirilib. İl ərzində pensiya yaşına çatmış 2194 nəfər vətəndaşa bu sistem vasitəsilə pensiya təyin edilib.

Ölkə Prezidenti cənab İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”ya uyğun olaraq, DSMF müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir. Ötən il Fondun həftəlik mətbu orqanı olan “Pensiyaçı” qəzeti və daim yenilənən internet saytı vasitəsilə başlıca fəaliyyət istiqamətləri kimi məcburi dövlət sosial sığorta haqlarının yığımına, işləyən əhalinin sosial sığortaya cəlb olunması məsələlərinə, fərdi uçotun təşkilinə, pensiya təminatına, informasiya texnologiyalarının tətbiqinə, sosial həyatın ən müxtəlif sahələrinə dair məlumatlandırmaya xüsusi yer ayrılıb. Eyni zamanda, bu məqsədlə 4 sayda mərkəzi, 16 sayda regional təqdimat keçirilib.

Bakı şəhərinin müxtəlif yerlərində quraşdırılan monitor və banerlərdə sığorta-pensiya sisteminin fəaliyyətini əks etdirən reklam xarakterli məlumatlar yerləşdirilib. Həmçinin, əhalini DSMF-nin elektron xidmətlərindən istifadə etməyə çağıran sosial reklam çarxı hazırlanaraq telekanallarda yayımlanıb.

Naibə QURBANOVA


Müəllif: