Sumqayıt şəhər Liman klinikasının həkimi Əfqan Ağagülovun burnunda polip olduğu üçün tibbi sığorta ilə əməliyyat etdiyi xəstə Nuridə İsmayıl qızı Zülfüqarovanın gözünün alt sümüyü qırılıb, xəstənin gözündə ciddi problem yaranıb.
Xəstə mayın 29-u əməliyyat edilib. Qızının verdiyi məlumata görə, əməliyyatdan sonra anasının gözü çəpləşib.
Hadisədə adı hallanan Liman klinikasının həkimi Əfqan Ağagülov Teleqaf.com-a açıqlama verib.
O, məlumatların yanlış olduğunu söyləyib: “Bizdə müvafiq sənədlər var. Bütün deyilənlər onların pul tələb etmə məsələsidir. Bu səbəbdən prokurorluğa Cinayət Məcəlləsinin 182-ci maddəsi üzrə müraciət olunub. Məndən pul almağa çalışırlar. Sənədlər də, yazışmalar da, təhlükəsizlik kameraları da var. Əməliyyatda öncəki və sonrakı bütün sənədlər əlimizdədir.
Yayılan şəkil əməliyyatdan əvvəl haradasa bir il öncə çəkilən şəkildir. Bütün bunlar saxta iddialardır. Yanlış məlumat yaymaq, böhtan atmaq da cinayətdir. Mən bu iddiaların heç birini qəbul etmirəm. Bəli, mən xəstəni əməliyyat etmişəm, hər şey də yaxşı qurtarıb, ancaq deyilənlər pul tələsidir”.