Prezident İlham Əliyevin “şərq açılımı” Ermənistanda narahatlıqla izlənilir. Ermənistan mediası və ekspert cameəsində bir mövzu xüsusilə müzakirə edilir: Əliyev Azərbaycanı qlobal siyasətin mərkəzinə çıxarır və bütün bunlar Bakının İrəvan qarşısında əlini gücləndirən faktorlardır.
Teleqraf.com xəbər verir ki, bunu Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Astana zirvəsində iştirakı və Azərbaycanın Çinlə strateji əməkdaşlıq sənədi imzalaması, o cümlədən Azərbaycanın əsas müttəfiqi Türkiyənin BRİKS-ə üzv olmaq istəyi haqda Ermənistan mediasında gedən müzakirələrə münasibət bildirərkən deyib.
A.Camal Prezident İlham Əliyevin bu gedişlərini Azərbaycanın “Şərq açılımı” olaraq qiymətləndirib:
“Azərbaycanın unikal xarici siyasət konsepsiyasına malik olduğu bəllidir. Bu, heç bir cəbhədə yer almadan, bütün tərəflərlə milli maraqlara uyğun əməkdaşlıq etmək strategiyasıdır. Prezident İlham Əliyevin bu strategiyası ölkəmizə həmişə qazanc gətirib. Azərbaycan bütün qlobal toqquşmalardan kənarda qalıb və həmişə bütün beynəlxalq güclər rəsmi Bakı ilə işləməkdə maraqlı olub. Mövcud geosiyasi mənzərədə Prezident İlham Əliyevin həyata keçirdiyi bu strategiya geopolitika dərslikləri üçün tədqiqat mövzusu ola bilər”.
Politoloq qeyd edib ki, Azərbaycan Ermənistan istisna olmaqla, bütün ölkələrlə ikitərəfli əməkdaşlığı yüksək səviyyədə həyata keçirir:
“O cümlədən, Azərbaycanın təşəbbüsü ilə üçtərəfli əməkdaşlıq platformaları yaradılıb. Misal üçün, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Rusiya kimi platformalar belə nümunələrdəndir. Bununla yanaşı, Azərbaycan uzaq Qərbdə ABŞ-la, uzaq Şərqdə Çinlə, eləcə də Avropa Birliyi ilə, eyni zamanda ŞƏT-lə yüksək səviyyəli əlaqələrə malikdir. Azərbaycan həm də üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətinə lokomotiv rol oynamaq bacarığı ilə seçilir. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın əldə etdiyi uğurlar bunun bariz nümunəsidir. Təbii ki, bu cür çoxvektorlu əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir və hər bir ölkə, hər bir ittifaq üçün vazkeçilməz tərəfdaşa çevirir”.
A.Camal hesab edir ki, Azərbaycanın qlobal oyunçu kimi önə çıxması Ermənistanla sülh danışıqlarında da mövqeyimizi gücləndirən amildir:
“Ermənistanda buna görə narahat olurlar və anlayırlar ki, rəsmi Bakının bütün tələbləri ilə razılaşmaq məcburiyyətində qalacaqlar. Və onu da bilirlər ki, heç bir beynəlxalq güc, yaxud hansısa ölkə Azərbaycan qarşısında Ermənistanı sona qədər dəstəkləmək iqtidarında deyil. Buna cəhd edən ölkələr itirən tərəfə çevrilirlər. Makron Administrasiyasının düşdüyü vəziyyət bunun bariz nümunəsidir. Fransa Azərbaycana qarşı yanlış siyasətinə görə Cənubi Qafqazda oyundankənar vəziyyətə düşdü. Digər ölkələr bundan nəticə çıxarır. Bu baxımdan, İrəvan Bakının qarşısında diktə olunan tərəfə çevrilib və bu reallıq dəyişməyəcək”.
A.Camal əlavə edib ki, Prezident İlham Əliyev Azərbaycanı qlobal siyasətin mərkəzinə çevirib.