Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir, icazə sistemi təkmilləşdirilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Qida təhlükəsizliyi haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib.
Layihəyə əsasən, alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqi, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyatı aşağıdakı şərtlərə uyğunluğa dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək:
- Azərbaycanda vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması;
- Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;
- alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətinin həyata keçirildiyi qida obyektində istehsal həcmini müəyyən edən nəzarət ölçü cihazlarının quraşdırılması.
Alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətini həyata keçirən qida subyektləri bu fəaliyyətin həyata keçirilməsi zamanı qeyd edilən şərtlərlə yanaşı aşağıdakı şərtlərə də əməl edilməsini təmin etməlidirlər:
- alkoqollu içki növü olan arağın illik minimum istehsal həcminin 100 min dekalitr olması;
- alkoqollu içki növü olan arağın istehsalında xammal qismində istifadə olunan spirtin alışını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməsi (spirtin özü tərəfindən istehsal olunduğu hallar istisna olmaqla).
Alkoqollu içki növü olan arağın idxalı fəaliyyətini həyata keçirən qida subyektləri bu fəaliyyətin həyata keçirilməsi zamanı malların idxalı ilə bağlı təchizatçı ilə müqavilənin olması şərtinə də əməl etməlidirlər.
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması şərti istisna olmaqla, müəyyənləşdirilmiş şərtlərə, o cümlədən malların idxalı ilə bağlı təchizatçı ilə müqavilənin olması şərtinə əməl edilməməsi alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqinin, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyatının ləğvi üçün əsasdır.
Alkoqollu içki növü olan arağın illik minimum istehsal həcminin 100 min dekalitr olması barədə tələb 2032-ci il yanvarın 1-dən tətbiq ediləcək. 2032-ci il yanvarın 1-dək alkoqollu içki növü olan arağın illik minimum istehsal həcmi aşağıdakı kimi müəyyən edilir:
- 2024-2025-ci illər üzrə 20 min dekalitr;
- 2026-2027-ci illər üzrə 30 min dekalitr;
- 2028-2029-cu illər üzrə 50 min dekalitr;
- 2030-2031-ci illər üzrə 80 min dekalitr.
Bu Qanun qüvvəyə minənədək alkoqollu içkilərin istehsalı fəaliyyətini həyata keçirən qida subyektləri bu Qanun qüvvəyə mindikdən sonra 6 (altı) ay müddətində alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətinin həyata keçirildiyi qida obyektində istehsal həcmini müəyyən edən nəzarət ölçü cihazlarının quraşdırılmasını təmin etməlidirlər. Bu müddət ərzində qeyd olunan tələbə əməl edilmədikdə qida obyektinin təsdiqi ləğv ediləcək.