Xırdalan şəhəri istiqamətində hərəkət edən 135 saylı marşrut avtobusunun sürücüsünə töhmət verilib.
Teleqraf.com xəbər verir ki, bunu "Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev deyib.
O qeyd edib ki, sosial şəbəkələrdə yayılan və mübahisəni əks etdirən görüntülər araşdırılıb.
"17.07.2024-cü tarixində 135 saylı xətt üzrə hərəkət edən "Isuzu Citibus" markalı 10 TH 326 qeydiyyat nişanlı avtobusda kondisioner sistemindəki nasazlıq səbəbindən yaranmış problem ilə bağlı sərnişinlə sürücü arasında mübahisə baş verib.
Araşdırma zamanı sərnişinlərdən birinin avtobusun salonunda sürücünün ünvanına nalayiq ifadələr işlətməsi, daha sonra sürücüyə yaxınlaşaraq əl-qol hərəkətləri ilə mübahisəni davam etdirməsi məlum olub. Avtobusda kondisionerlə bağlı texniki nasazlığın olduğunu bildirən sürücünü təhqir edən sərnişin münaqişəni israrla davam etdirib. Özünü ələ ala bilmədiyini deyən sürücü daha sonra bir neçə dəqiqə işə davam edə bilməyib və sərnişinlərdən müvəqqəti olaraq nəqliyyat vasitəsini tərk etməsini xahiş edib.
Məsələ ilə bağlı sürücü barəsində daxili təlimatlara uyğun olaraq tədbir görülüb. Sürücü gələcəkdə yarana biləcək bu kimi hallarla bağlı yenidən təlimatlandırılıb. Onun izahatı alınaraq barəsində töhmət elan edilib", - deyə məlumatda vurğulanır.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə 135 saylı marşrut avtobusunda sürücünün kondisioneri yandırmaması səbəbindən mübahisə düşməsini özündə əks etdirən videogörüntü yayımlanmışdı.