Bakının mərkəzində işbazlar tərəfindən qanunsuz olaraq quraşdırılan metal konstruksiyalar sökülüb.
Teleqraf.com xəbər verir ki, Xətai rayonu, Sarayevo küçəsi, 26 ünvanında dünən gecə saatlarında aparılan işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşlarının operativ müdaxiləsindən sonra dərhal dayandırılıb.
Qeyd olunub ki, şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində sözügedən ünvanda yerləşən və sakinlərin səki sahəsi kimi istifadə etdiyi yaşıl zolaqda (təxmini 100 kv.m-lik sahədə) özbaşına yüngül metal konstruksiyanın quraşdırılması faktı aşkarlanıb. “Müvafiq icazəverici sənədlər olmadan aparılan işlər 18 iyul 2024-cü il tarixində Baş İdarə tərəfindən dayandırılaraq, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Habelə lazımi tədbirlərin görülməsi və ərazinin nəzarətdə saxlanılması məqsədilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına rəsmi qaydada məktub ünvanlanıb və müvafiq göstərişlər verilib”.
Məlumata əsasən, söküntü işləri gün ərzində tam başa çatdırılaraq, ərazi yenidən sakinlərin istifadəsinə verilib.