"Abituriyent" jurnalının 3-cü nömrəsi və “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2023-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları”nı nəşr edilib.
Bu barədə Teleqraf.com-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
"Abituriyent" jurnalının 3-cü nömrəsində 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim edilib.
Qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi iyulun 26-dan avqustun 5-dək internet vasitəsilə aparılacaq.
“Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2023-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları” xüsusi buraxılışında isə ixtisaslar üzrə minimal keçid balları dərc edilib.
Nəzərinizə çatdırırıq ki, ötən illərdə formalaşmış keçid balları ixtisas seçimi zamanı müəyyən mənada oriyentir rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində seçən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən fərq yaranır. Bununla belə oxşar meyillər, tendensiyalar da müşahidə edilir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı ötən illərdə formalaşmış keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdə saxlamalıdırlar.
Jurnalları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.