Filosof Müşfiq Şükürov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Müşfiq müəllim, son illər region ölkələrinin Çinə sosial-iqtisadi marağı güclənib. Eyni meyl Azərbaycan geosiyasətində də müşahidə olunur. Bu meylin, bu marağın faydalılığı haqqında nə deyə bilərsiniz?
- İndiki məqamda mənəvi yox, siyasi-iqtisadi maraqdan söhbət gedə bilər. Siyasət harda varsa, iqtisadiyyat da oradır. İstənilən siyasətin arxasında iqtisadi maraqlar dayanır. Peşəkar siyasətlə məşğul olanlar belə edirlər. Romantik siyasətlə məşğul olanlarda isə elə deyil. Məsələn, Ermənistan kimi...
Ermənistanda mənasız ideyalara kütlələr də, onların idarəçiləri də qoşulur. Amma siyasət çox praqmatik sahədir. Son 20-30 ildə Çin fenomenə dönüşdü. 1970-ci illərdə yazığımız gələn Çin anidən dünyanın nəhənglərinə çevrildi. Əhali resursunu iqtisadiyyata dönüşdürə bildi.
Qərb SSRİ-yə qarşı qorunmaq üçün yeni güc mərkəzi yaratdı. SSRİ o vaxt Hindistanla yaxınlaşırdı, çünki Çinlə münasibəti pozulmuşdu. Siyasətçilər dünyaya bizim baxdığımız kimi baxmırlar. Onlar çox şeyi kütlə ilə hesablayırlar. Ona görə də siyasətçilər üçün çox önəmlidir ki, cəmiyyətdə ailə institutu qorunub saxlansın. İnsanlar doğub-törəməyə davam etsinlər. Bu dövlətin ekzistensial gələcəyi deməkdir.
Çin əhali sayını ucuz işçi qüvvəsinə çevirdi. Amerika-Qərb də investisiya qoydu. Zərərli fabrikalarını ora köçürdülər. Qısa müddətdə Çin çox böyük gücə çevrildi, Yaponiyanı da, Avropanı da ötdü, Amerikadan sonra ikinci iqtisadi gücə çevrildi. Amerika qəfil ayıldı ki, artıq Çin problemdir, onun inkişafını əngəlləmək lazımdır. Çinin maddi gücü artdıqca siyasətə də qarışmağa başladı.
Çinin bir problemi var ki, onun ideoloji hekayəsi yoxdur. Bu olsa, dünyanı zəbt edər. Afrikanın, Avropa ölkələrinin yarısı Çinə borculdur. Hamıya kredit verir. Amma o, torpaq, ərazi zəbt edə bilərmi? Yanlız Rusiyanın, Yaponiyanın real Çin qorxusu var. Bu ölkələrə artmış əhalisini köçürə bilər. Bu, ciddi təhlükədir. Amma başqa ölkələrə ekspansiya edə bilmir. Türkiyənin müsəlmanlıq, islam adlı hekayəsi var. Bu hekayənin üzərindən ta Pakistana qədər qardaşlıq əlaqələri qura bilir. Hətta uyğurlara da, onlar dövlət olmasalar da, müəyyən siyasi, mədəni təsir göstərə bilir. Yəni islam bir hekayədir. Həm də çox güclü hekayə... Bununla ölkələri təsir altında ala bilərsən.
Bir zamanlar Rusiyanın kommunizm hekayəsi var idi, onu yayırdı. İndi o sıradan çıxıb, təkcə slavyan ölkələri ilə slavyan hekayəsi var. Sonuncu "russkiy mir" adlı hekayəni Putinin dilindən eşitdik. O rus dünyası deyəndə türk respublikaların nəzərdə tutur. Vaxtilə biz rus dünyasının tərkibində olmuşuq. Bu hekayə ekspansiya üçün bir zəmindir. Çinin belə bir hekayəsi yoxdur.
- Bəs Çinin qədim mədəniyyəti onun üçün ideoloji hekayə rolunu oynaya bilməzmi?
- Mədəniyyəti qədimdir, amma Çin öz qədim mədəniyyətinə arxalanmır. Çin marksist ölkədir. Marks yəhudi mənşəli almandır. Əslində, kommunizm Qərbin fəlsəfəsidir. Onlar kommunistik partiyanı bu ideologiya ilə saxlayıblar. Kapitalistik iqtisadiyyat qurublar. Ona görə də Çin hekayə depolaya bilmir.
Bizim hekayəmiz Turan, türkçülük ideyasıdır, bundan bəhrələnirik. Türk respublikaları ilə əlaqələr qurulur. Çin isə heç kimə yaxınlıq verə bilmir, Çin tənhadır. Amma pulla nə etmək mümkündürsə, onu edəcək. Əhalisi də yetərlidir. Dünya əhalisini əvəz edəcək qədər əhalilərləri var. Uzun illər əhaliyə nəzarət qoymuşdular. Daha sonra bunu aradan qaldırdılar. Başa düşdülər ki, onların əsas “kozır”ı elə əhalidir, ondan istifadə edəcəklər.
- Çin mədəniyyətinin cazibədarlığı hamımıza məlumdur. Bu cazibədarlıqdan müasir dünya insanı qidalanmağa nələr tapa bilər?
- Bir daha demək istəyirəm ki, Çin öz mənəvi gücünə axralanmır. Dünyada Konfutsi institutları açırlar, Azərbaycanda da var. Mən 7 il öncə kitabımı apardım ora, ancaq maraq göstərmədilər. Konfutsi onlar üçün sadəcə brenddir. Bunun fərqindədirlər. Xüsusi olaraq Konfutsi ilə bağlı nələrsə etmək istədikləri isə görünmür. Çünki Konfutsinin fəlsəfəsi kommunizm fəlsəfəsinə tam ziddir. Necə etsinlər bunu? Dünya üçün ikinci ən böyük maraqlı doğuran adamları Lao Tzıdır. Hər yerdə daosizmi öyrənirlər. Təxminən eyni dövrdə yaşayıblar, Lao Tszı bir az yaşlıdır. Məncə, onlar heç görüşməyiblər də. Amma çoxlu əfsanələr var ki, gənc Konfutsi yaşlı Lao Tszı ilə görüşüb. Bu iki məktəbin toqquşmaları da olub. Bu haqda Lun-Yu kitabında da var.
Daosizm əcaib fəlsəfədir, asosial ruhaniliyə bənzəyir; çox yaxındır ruhaniliyə. Amma o tərəfi çox inkişaf etməyib. Özünüdərk var, amma ruhaniliyə dönüşmür. Konfutsi isə sırf ruhaniyyatdır.
Konfutsi ilə buddizm, islam, xristianlıq arasında çoxlu paralellik çəkmək olar, baxşılar eynidir. Konfutsi orjinal və qədimdir. O deyir ki, mən yeni şey kəşf etməmişəm, qədim Çin fəlsəfəsini və ruhaniyyatını yenidən mənalandırmışam. Bir dəfə deyir, balalarım, elə bilirsiniz mən yeni bir şey yaratmışam? Yox, deyir, sadəcə, mən qədimliyi sevir və onu şərh etməyi xoşlayıram. Dinə yeni nəfəs verdiyini dəfələrlə vurğulayır. Ona görə də cəmiyyətə, dövlətə baxışı, insanın hədəfinə baxışında onula müqayisədə marksizm çox primitiv, bayağı qalır. Ona görə də kommunistik Çinin Konfutsinin reklamına marağı yoxdur.
Çin istəyir ki, Konfustini sevsinlər, amma heykəl, kitabxana, küçə adı kimi. Təxminən bizdə Nizami Gəncəvini necə sevirlərsə elə. Məzmumu ilə heç kim maraqlanmır. Mən 4 ilimi xərclədim o kitabın yazılmasına. İllərdir Konfutsi fəlsəfəsindən mühazirələr verirəm. Oradakı hikməti azərbaycanlılar üçün tərcümə etməyə çalışıram. Çünki bizim oradan götürəcəyimiz şeylər var. Düzdür, islamın dediklərin deyir, amma bir şeyi fərqli rakusdan deyəndə o çox maraqlı şəkildə həzm olunur.
Nizaminin də belə fanatları olmalıdır. Sadəcə olaraq Çin başa düşür ki, Konfutsi, Lao Tszı qədimlik elementidir. Ona görə də bu adda institutular açırlar. Orada isə əsasən Çin dilini öyrədirlər...
- Konfutsi haqqında danışarkən onun köləliyi təbliğ etməsi, dövləti göyaltı səltənət adlandırması önə çəkilir. Real mənada Konfutsiçiliyin bizə aşıladığı tezislər nələrdi? Orada ziyanlı fikirlər varmı?
- Əlbəttə, xeyr. Mən Konfutsini cümlə-cümlə şərh etmişəm. Göstərməyə çalışmışam ki, bu, Quranın, İncilin fəlsəfədidir. Şərq üçün yeni şey deyil. Şərq həmişə bu sözləri deyib. Şərq deyib ki, ata-anana, rəisinə, padşahına tabe olacaqsan. Əks halda sən yaramaz olursan. Konfutsi bu məqamı çox açıq şəkildə vurğuladığı üçün tədqiqatçılar bu məsələdən çıxış edərək, onun diktaruranı təbliğ etdiyini deyirlər. Ata-anaya bu cür münasibətə eynən Qurani-Kərimdə, Tövratda, Vedalarda da rast gəlinir.
Ruhaniyyat idrakın rasional tərəfi deyil, dərin qatıdır. İnsan o dərin qatı həyatı boyu hiss etməyə bilər. Hansısa ekstremal vəziyyətdə və ya həyatının sonuna yaxın bunu dərk edəcək ki, bu, həqiqətdir. Amma bütün gəncliyi boyu bu həqiqəti dərk etməyib, sanki həqiqət yoxmuş kimi yaşayıb. Ruhaniyyat xüsusi adamların xüsusi hallarda dərk etdiklərini mədəniyyətə gətirməsi deməkdir.
Qərb mədəniyyəti adamları özbaşına qoymaq yolunu seçdi. Qərb ateizmi dedi, niyə xristianlığın kitabından yapışmısınız, verin insanlara azadlığı, qoyun istədikləri kimi yaşasınlar, qoyun savaşsınlar öz valideynləri ilə…
Şərqdə böyüyün yanında balaca ağzını açmazdı. Qərb dedi, yox, o sənin ifadə azadlığını sıxır. Tez ol, ürəyində nə varsa, de ağsaqqalın üzünə. Gənci itələdilər həyasızlığa və o “böyüdü”. Bəlli oldu ki, həyasız adam böyümür, şişir ancaq... Həyasızın idrakı da böyümür.
Qızlara təlqin etdikləri də budur əslində. Utanmayın, hüquqlarınızı tələb edin, özünüzü ifadə edin. Və bu tip qızlar çox azad oldular. Eyni zamanda məsumluq, utancaqlıq kimi çox önəmli şeyləri itirdilər. Bunu hətta Cəfər Cabbarlının “Sevil”ində də müşahidə etmək olurdu. Sonda Sevil qırmızı dikdaban ayaqqabı geyinib fabrikaya gedir, Balaşa meydan oxuyanda müqayisə edirsən, onu birinci səhnədəki Sevillə, hüquqsuz, amma ərinə sədaqətli, ailəcanlı qadınla və görürsən ki, ondan qat-qat yüksəkdir əvvəlki Sevil. Mən uşaq idim ilk dəfə o tamaşaya baxanda o dəyişim məni təhqir etdi. Bilmirəm niyə? Heç fiolosof da deyildim, amma hissiyatım təhqir olundu. Balaşa meydan oxumasında nəsə düz deyildi. Qərb dedi ki, belə olmalıdır!
Şərq isə deyirdi ki, insanın böyüməsinin qırmızı xətləri var. O qırmızı xətləri keçməyin. Ata-anaya qarşı üsyankar olacaqsansa, rəhbərinilə də münasibətin doğru olmayacaq. Sənin valideyninlə münasibətin düz deyilsə, Allahla münasibətin də düz olmur. Həqiqətə qarşı yaşamağa başlayırsan. Həmişə həqiqətin tərəfin deyil, yanlışın tərəfini tutursan.
- Belə çıxır ki, Şərqin iyerarxik münasibətlər üzərində qurulan nərdivanı Qərb sındırdı. Bu bəşəriyyətə nə kimi ziyan gətirdi?
- Bu, inkişafın, demokratiyanın, elitarizmin, aristokratiyanın qarşısını aldı. Demokratiya kütlə ilə oynamaq deməkdir. Mən demokrat deyiləm. Konfutsi də demokrat deyildi. O qədər bu sözü bütləşdiriblər ki, “mən demokrat deyiləm” deyəndə qəribə olurlar. Bəli, mən demokat deyiləm… Mənim dişim ağrayanda mütəxəssisin yanına gedirəm. Küçədən bir adama demirəm ki, kimin yanına gedim? Mənə bir şey lazım olanda aristokratiyanı, bu işi biləni seçirəm. Düşünün, heç nə bilməyən kütləyə ölkənin idarəçisini seçmək tapşırılır. Guya o daha yaxşı bilir kim idarə edə bilər ölkəni. Bu nə qədər düzgündür?! Öz cüzi seçimlərini doğru edə bilmir, doğru avtomobil seçə bilmir, geyim seçə bilmir, bu adam mühəndis deyil, bina tikə bilmir, həkim deyil, amma o, çox gözəl bilir ki, dövləti kim idarə edəcək. Maşallah məntiqə...
Heç nəyi bilməyən adam bilir ki, dövləti kim idarə edə bilər. Bu riskdir, oyundur. Kütlə ilə oynamaq cığallıq deməkdir. Ölkədə 10-15 nəfər bilər ki, bu ölkəni kim idarə edəcək. Təbii ki, bu işi bilən adamlar. Bu işdə seçimi camaata verirlər. “Camaat bilir” yalanını necə, haradan çıxardılar?
- Əks halda meydana diktatura anlayışı gəlir…
- Bununla bizi, sadəcə, qorxudurlar! Sağlam millətin elitası, aristokratiyası olur. Ruhun aristokratiyası, elmi aristokratiya - hər sahənin öz aristikastiyası olur. Bir ölkədə hər sahənin elitaları doğru formalaşırsa, o xalqa batan olmaz. Konfutsi də bunu deyir ki, istedadlı adamları qabağa verməyi öyrənməlisiniz. Onda ölkədə inkişaf yaranacaq. Ona görə mən demokrat deyiləm.
Konfutsi elitarizm tərəfdarı idi. Ruhaniyyat həmişə elitanı yetişdirir. İsa peyğəmbər öz həvarilərinə deyir ki, siz dünyanın duzusunuz. Duz çox olmaz, amma duzu ətə tökürlər ki, ət iylənməsin. Ona görə diktatura ilə bizi qorxudub, ikinci yanlışa sürükləliylər.
Ümumiyyətlə, qütblər üzərində manipulyasiya edən adamlar həqiqəti aşkara çıxarmaq istəyən adamlar deyil. Fəlsəfə tarixində bir nəfər də özünə hörmət edən filosof demokrat olmayıb. Sokrat olub, bu da onun öz ziyanına işləyib. Həmin demokratiya səs verdi ki, öldürün onu. Səsvermə ilə filosofu zəhərlədilər. Demokratik yolla ağlı susdurdular.
- Son dövrlərdə dünyada gedən proseslər bizim bölgəni Asiyaya doğru aparır. Qərbin insan haqları, cəlbedici ideyaları, hazırdı qurduqları sivilizasiyanın qarşısına bizim istiqamətləndiyimiz Asiya, Çin nə ilə çıxacaq? Bizə qorxulu görünür, bu haqda nə deyə bilərsiniz? Asiyaya doğru getməkdən qorxmalıyıqmı?
- Bu da bizə illərlə aşılanmış kompleksdir. İllərlə Qərbin məkirli böyükləri Şərqə aşılamağa çalışırlar ki, biz Afrikanın başqa formasıyıq. Bizim heç bir mədəniyyətimiz, sivilizasiyamız yoxdur. Barabar olduğumuzu bizə niyyətli şəkildə aşılayıblar. Bizə aşıladılar ki, siz şərqlilər ancaq fəlakət yarada bilmisiniz. Sizdə insan hüququ olmayıb.
Təbii ki, bizdə yunan demokratiyasında olduğu kimi olmayıb, ancaq despotizmin ən böyüyü Qərbdə olub. Mən Quranı oxuyuram. Musa peyğəmbərin hekayəsi məni təəccəbləndirir. Sarayda yaşayan Musa bir gün adam öldürür və bunu ona bağışlamırlar. Bu işin üstünü ört-basdır etmək əvəzinə Misir sivilizasiyanın başında duranlar bunu bağışlamır.
Üstündən 20 ildən çox vaxt keçir. Allah Musaya əmr edəndə ki, get Firona bizim ayələrimizi anlat, deyir, mən qorxuram, orada bağlanmamış iş var, məni tutacaqlar. Deyir, qorxma mən sənə əlavə bir ayə verəcəm. Orada əlini çıxar, göstər ki, əlimdə qan yoxdur, artıq təmizlənmişəm. (Dini rəvayətə görə, qaradərili Musa əlini qoynundan çıxarıb göstərəndə əl bəmbəyaz görünürdü-red.). Musanın ağ əli oradan gəlir. Şərqdə belə ifadə var: “əlim təmizdi”.
Qədim dövrdə mən insan hüququna hörmətə heyran qalıram. Yusif peyğəmbər ölkənin vəziri olur, öz qardaşlarının saxlaya bilmir. Məcburdur ki, onların heybələrinə qızıl əşya salsın.
Əgər siz böyük dövlətlərin böyüklüyünün sirrini anlamaq istəyirsinizsə, bilin ki, orada böyük ədalət olub. Əmir Teymurun da, Çingizin də dövlətlərində böyük ədalət olub. Ancaq tarixçilər sifariş altında yazıblar. Despotizmi qabardaraq ölkədə olan qanunçuluğu gizlədiblər.
Gözümüz qabağında Stalinin bütün irsini ləkələdilər. Ağıllarda Stalindən despot düzəldiblər. Mən ilk dəfə Asif Atanın dilindən eşidəndə ki, “Stalin dahi idi” , təəccüblə baxdım. Filosof Stalin haqqında belə söz deyirdi. Asif Ata deyirdi ki, müharibəni Stalin qazandı, onun idarəsi ilə qələbəyə nail olundu. Adam gecə-gündüz yatmırdı. O, ölkəni sakitləşdirdi, inqilabların əlindən aldı. Xalqı işləməyə məcbur etdi. Güclü bir ölkəyə çevirdi.
İndi bunu dediyim üçün deyəcəklər ki, SSR tərəfdarıdır. Lakin adamın haqqını vermirlər. Hər kəsin haqqını vermək lazımdır. Eləcə də Konfustini despotizm təbliğatçısı kimi görürlər. Atatürkü də despot adlandırlar. Nə istəyirlər, edirlər. Həmişə mənfi şeyləri tapıb çıxarırlar, insanlar həqiqəti görmək istəmir. Həqiqət su kimidir, dadsız-duzsuz, amma faydalı. Onu görmək, tapmaq asan deyil.
Media da belə edir. Mən uzun illər gözümü-qulağımı mətbuata verdim, birdən ayıldım ki, nəsə yanlışdır. Sən demə, bizim hazırlıqlı, gözəl ordumuz var imiş. Və mən bu prosesləri qaçırmışam. İnsana, ədalətə hörmət etməyən cəmiyyət 10-15 ilin içində məhv olur. Bir ölkədə ədalət əsas etibarı ilə qorunmursa o ölkə dağılır.
Qərb özünü ağıllı sayır. “Qadın hüquqları uğrunda gedən mübarizə” sonda ona gətirdi çıxardı ki, ailə institu məhv olmağa başladı. Qadını daha çox istismar etmək üçün onu ailədən çıxardılar. İndi cəmiyyət tərəfindən istismar olunan gözləri boş qadın obrazı var. Qadın gözəlliyini tam olaraq istismar edirlər reklamda. Az qala hər şeyi qadın üzərindən satışa çıxarırlar. Məsələ ziddiyyətlidir. Şərqin problemləri var, təbii ki, Hindistan Amerika, Fransa deyil. Ancaq mən əmin deyiləm ki, Hindistan Fransadan pisdir.
Bir çox adam üçün ona elə gələ bilər ki, Kanada Azərbaycandan yaxşıdır. Mən isə əmin deyiləm. Buradakı ruhani mühit mənə çox simpatik gəlir. Burada insanların bir-birinin evinə qonaq getməsi, azərbaycansayağı münasibətlər, hörmətlər mənə çox bahalı gəlir. Burada fəlsəfə üçün çox yaxşı fəza var. Bu mənə çox maraqlı gəlir. Hər şeyi pulla ölçmək olmaz. Fransada yaşamaqla Hindistanda yaşamaq arasında seçim olarsa, düşünürəm ki, Hindistanda daha xoşbəxt olar insan. Hindistanın fəlsəfəsi o qədər zəngin, musiqisi o qədər gözəldir ki…
- Hamımıza məlumdur ki, böyük, cəlbedici kommunizm ideyasını Rusiya və Çin darmağadın etdi, iflasa uğratdı. Bu iki ölkənin müstəvisində kommunizmə vurulan böyük zərbəni necə unutmaq olar?
- Kommunizm yanlış ideya idi. Yaxşı ki, zərbə vurdular. Bunu praktikaya çevirdilər Əlbəttə, onun içində yaxşı şeylər də var idi. Mədəniyyəti xalqın xidmətinə qoymağa cəhd var idi. Senzura yaratmışdılar. Müəyyən istiqamətdə mahnılar, şeirlər yarana bilərdi. Mən uzun illərdən sonra o fikrə gəldim ki, senzura gözəl bir şey imiş. Məsələn, sensuzasız ünsiyyəti qəbul etmirəm. İnsan ağzına gələni danışa bilməz.
Sovetin dövründə senzura var idi. Baxın, 60-70 ci illərdə nə qədər gözəl mahnılar bəstələnib, şeirlər yazılıb. Məna, gözəllik var idi. 90-lardan bu yana mədəniyyət çiçəklənmədi. Rusiyanın özündə, postsovet ölkələrində mədəniyyət heç 70-ci illərin səviyyəsinə geri dönmədi. Hamısı köhnə mahnılara qulaq asırlar.
Niyə azadlıq inkişafa səbəb olmadı? Sovetin pis şeyləri var idisə, bu kimi yaxşı şeyləri də vardı. Ruhaniyyat deyir ki, biz elita yaratmalıyıq. O elita xalqın qəlbinə, ağlına sahiblənib onu yüksəyə doğru aparmalıdır. Kommunizdə özlərinin yaratdığı elita var idi. O xətti zorla saxlayırdılar. Amma iqtisadiyyatda uduzduq, artıq 70-lərdə bəlli oldu ki, onların ayaqqabıları, paltarları bizimkindən daha yaxşıdır.
- Çinlilərdə səma tanrısına inam olub. Qədim türklərdə də Göy tanrıya inam vardı. Sizcə, bunların hansı hansından götürüb?..
- Ehtimal ki, türklər götürüb. Çünki bunun fəlsəfi əsaslandırılması mətn olaraq bizdə yoxdur, Çində, Konfutsidə var. Konfutsi göy tanrısından danışır, düzdür, az danışır, amma o din üzərində qurulub. Türklərsə unikal olub. Köçəri tayfa olduqları üçün həyat tərzləri də mobil olub.
Mobil xalqlar informasiyanı daşıyırlar, yaxşı ötürücüdürlər. Millət olaraq biz daha çox ötürücü olmuşuq. Oradan çıxış edib deyirəm ki, Göy tanrı bizim olmayıb. Biz yaxşı nə varsa, götürmüşük, ötürmüşük. İslamla bağlı da eynilə belə olub. Yaratmaq məsləsində isə Göy tanrı ideyası bizə məxsus deyil.
Biz döyüşçü xalqa, döyüşçü fəlsəfəsinə sahib olmuşuq. Dədə Qorqud döyüşçü fəlsəfəsini, döyüşçü əxlaqını ifadə edir. Döyüşçülər cəmiyyətdə bir stratdırlar. Biz Şərqin döyüşçüləri, cəngavərləriyik. O səbəbdən biz dünyaya uzun müddət fəlsəfə də, ədəbiyyatda vermədik. Dilimizdə də bunun üçün imkanlar geniş olmayıb. Bizim fəlsəfə dilimiz ancaq ərəb və fars dillərindən zənginləşib. Çünki dilin özü də bir məcradır.
Ərəb dilinin fəlsəfi imkanları ilə türk dilinin fəlsəfi imkanları eyni deyil. Türkiyə türkləri 20-ci əsrdə söz yaradıcılığı ilə məşğul olmağa başladılar. Xeyli sözlər yaratdılar. O sözlərin çoxunun qoxusu yoxdur. Uyduruq sözlər olduğu hiss olunur. Düşünürəm ki, sözlər də canlıdırlar. Yeni söz uydurmaqdansa, başqa dildən keçmişi sözü götürmək daha yaxşıdır.
Avropa dillərinin əksəriyyəti latın dilinə ehtiyac hiss edir. Biz ərəb, fars dilinə ehtiyac hiss edirik. Burada ayıb bir şey görmürəm. Bu cür yanaşma 20-ci əsrdə çox məşhur oldu. Biz Şərqə sahib çıxmalıyıq, Şərqlə bir olmalıyıq. Yaxşı nə varsa, götürməkdən utanmamlıyıq. Biz türklər Şərqin qan damarlarıyıq. İndi Turan ideyası yenə bu yol ideyası üzərindən gerçəkləşmə başlayır. Biz yenə kökümüzə qayıdırıq. Bəlli olur ki, türklər ən yaxşı yolları qurub, idarə edə bilirlər. Bu da təkcə malların daşınması deyil, mədəniyətin daşınmasıdır...
- Qeyd etdiniz ki, Konfutsi fəlsəfəsindən bəhs edən kitabın hazırlamasına illərinizi xərclədiniz, bununla yanaşı başqa kitab və tərcümələrin müəllifisiniz. Sizi Azərbaycan auditoriyasının marağı qane edirmi?
- Açığı, əvvəllər özüm də həvəsdən düşmüşdüm. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan dilli audutoriya 10 milyondur. 10 milyonun nə qədəri kitab oxuyur, nə qədəri fəlsəfə kontenti ilə maraqlanır? Hər halda bunlar vacib məqamlardır. Sonra şükr etməyi öyrəndim. Yenə də alırlar, oxuyurlarsa böyük şeydir. Amma çox böyük gözlənti də etmək olmaz.
Sadə bir faktı deyim. Müstəqil Azərbaycan Müslüm Maqomayev kimi bir düha yetirə bilməzdi. Rəşid Behbudov kimi hadisə yetirə bilməzdi. Onun üçün 200 milyonluq auditoriya lazımdır. Balaca bir ölkədə sən toy müğənnisi səviyyəsində bir fenomen yetirə bilərsən. Konsert zalı doldurmaq üçün elitar musiqi dinləyənləri 10 milyon arasından yetərli qədər tapa bilməzən. Ölkə böyük olanda o başqa cür nəfəs alır. Ölkə böyük olduqca onun auditoriyası çox olur. Qərbdə də bu belədir. “ABBA” qrupu vardı, ingiliscə oxuduqları üçün bütün ölkələrdə məşhurlaşdılar.
Sırf 10 milyonluq Avorpa ölkəsində də heç bir müğənninin perspektivi yoxdur. Ona görə hərəkət etmək üçün böyük məkanlar lazımdır. Filosof üçün auditoriyanın böyüklüyünün, kiçikliyinin önəmi yoxdur. Sokrat çox balaca bir yerdə - Yunanıstanda filosof oldu, amma onu tanımadılar. Əsrlər sonra bildilər ki, bu, Sokrat imiş.
Həmçinin Kyerkeqoru da sağlığında görməyiblər, səfalət içində ölüb. Balaca ölkə idrakın keyfiyyətinə təsir etmir, məhsul yenə də dərin və keyfiyyətli ola bilir. Amma camaat axı şöhrətlə ölçür hər şeyi... Deyirlər, sən özünü filosof adlandırsan, bəs niyə səni Avropada tanımırlar? Hər şeyi şöhrət pəncərəsindən görməyə çalışırlar. Sən bu ölkə üçün, bu dil üçün çalışırsan. Bununla yetinməlisən, bu sənə çox görünməlidir. Sən öz xalqın üçün xidmət edirsən.
O baxımdan dünya bizi tanısın, Nobel mükafatı, Oskar kimi şeyləri gənclərin çoxu yatıb yuxuda görür. İnsan mükafatını Allahdan gözləməlidir. İşinin keyfiyyətinə görə Allaha hesabat verməlidir. Öz xalqı üçün çalışmalıdır. Düşünməməlidir ki, ona qiymət verirlər, ya yox. Bunları bir az gec başa düşdüm.