24 İyul 17:20
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

XIX əsrin ortalarında Türkiyədə Avropa tipli ali təhsil ocağının qurulması istiqamətində ilk addımlar atılmağa başlanılıb. Osmanlı Qərbin təhsil sisteminin inkişafı qarşısında geridə qalmamaq üçün modern üsullu ali məktəbin yaradılması məqsədilə mərhələli şəkildə müvafiq qanunları qəbul edib. Mədrəsə sistemindən fərqli olaraq təcrübəyə söykənən fənn elmlərinin tədris ediləcəyi bu məkan “darülfünun”, yəni “fənlər evi” kimi adlandırılıb. Nəticədə 1846-cı ildə Ümumi Maarif Məclisi italiyalı memar Fossati ilə İstanbulda açılacaq darülfünun binasının tikilişi ilə bağlı müqavilə imzalayıb, 125 otaqlı Avropa universitetlərinə bənzər tikili tələb olunub. Bina 1865-ci ildə təhvil verilib. Amma 1863-cü ildə hazır olan bir qismdə dövrün sədrəzəmi Keçəcizadə Fuad paşa əhaliyə açıq dərslərin keçirilməsinə izn verdiyi üçün tədrisat tarixi həmin vaxtdan hesablanmaqdadır. Bu dövrdə fizika, kimya, tarix, coğrafiya və digər təbiət elmləri mövzularında konfranslar verilib.

Lakin tikilən bina darülfünun üçün geniş hesab edilib və maliyyə nazirliyinin balansına verilib. 1869-cu ildə hazırda Mətbuat Muzeyi kimi fəaliyyət göstərən bina həmin funksiyanı üzərinə götürüb. Eyni zamanda Fransadan nümunə alaraq Ümumi Maarif Nizamnaməsi qəbul edilib. 1870-ci ildə Darülfünunun quruluşu rəsmiləşdirilərək daha sistemli bir təhsil qurumuna çevrilib. 1900-cü ildə Darülfünunun adı rəsmi olaraq İstanbul Darülfünunu olaraq dəyişdirilib. Müxtəlif sahələr üzrə fakültələr və bölümlər açılıb, hüquq, tibb, ilahiyyat və ədəbiyyat fakültələri fəaliyyət göstərib.

1933-cü ildə Mustafa Kamal Atatürk tərəfindən həyata keçirilən universitet islahatları nəticəsində İstanbul Darülfünunu İstanbul Universitetinə çevrilib. Bu islahatın əsas məqsədi universitetin idarəetmə strukturlarını modernləşdirmək və Qərb təhsil sisteminə yaxınlaşdırmaq idi.

Təəssüf ki, bu islahatlar nəticəsində Azərbaycan əsilli görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlu oradakı işini itirməli olub.

Məhəmməd Ağaoğlunun gözündən islahatlar

Türkiyə darülfünun islahatına hazırlaşarkən bu proses Cənubi Qafqazda da yaxından təqib edilib. Təsadüfi deyil ki, Tiflisdə Azərbaycan türkcəsində çıxan “Dan yıldızı” jurnalı 1928-ci ildə işıq üzü görən 23-cü sayında bu mövzuda bir yazı təqdim edib. “Məhəmməd Ağaoğlu” imzası ilə verilən bu yazının müəllifi, fikrimizcə, həmin illərdə İstanbulda yaşayan irəvanlı sənətşünas Məhəmməd Ağaoğlu olub. Çünki 1924-1927-ci ildə illərdə Vyana Universitetində təhsil alan Ağaoğlu 1927-ci ildə İstanbula qayıdıb, orada dövlət muzeyində “Çinili köşk”dә İslam mәdәniyyәti şöbәsinə rəhbərlik edib. Eyni zamanda İstanbul Universitetinin İncəsənət kafedrasının müdiri olub. Ona görə də hadisələri yaxından təqib edə bilib. Ağaoğlu haqqında bir neçə dəfə yazı qələmə aldığımız üçün onun geniş bioqrafiyasına toxunmayaraq köhnə latın qrafikasında Azərbaycan dilində olan yazısını təqdim edirik. Ehtimal ki, bu onun Azərbaycan mətbuatında çıxan sonuncu yazısı olub. Çünki bir il sonra onun M. Rəsulzadənin çıxartdığı “Odlu yurd” jurnalında məqaləsi işıq üzü görüb, daha sonra isə Amerikaya yola düşüb.

***

Türkiyədə Darülfünun İslahatı

Türkiyədə ali təhsil və elm hələlik tək İstanbul Darülfünunu tərəfindən intişar olunmaqdadır. Bu darülfünunun işləri hal-hazırda yüksəlib canlanmaqdadır. Türkiyə mətbuatının verdiyi xəbərlərə görə, yeni darülfünun nizamnaməsi Millət Məclisi tərəfindən təsdiq olunmuşdur.

İstanbul Darülfünununda icra edilən islahatın məqsədi, darülfünunun elm işlərini möhkəm bir şərait üzrə qurmaqdır.

Türkiyədə cümhuriyyət elan edildikdən sonra Türkiyə həyatında əski təhkimçilik üsulları sürətlə qaldırılmaqdadır. Sultanlıq dövründə ən fəna bir vəziyyətdə olan Türkiyə elmi işlərdə də çox dalda qalmışdı.

Türkiyədə elmi işlər hal-hazırda Qərbi Avropa və Şura elm aləmi ilə yaxınlaşdırılır, kafedraların əksərisi xarici professorların əlindədir. Hüquq fakültəsinin indiki mühazirəçiləri Fransa professorlarından Riol, Jan Joref, Türkiyədə yeni vətəndaşlıq məcəlləsi yaradıcılarından birisi olan isveçrəli Sozerxol və qeyriləridir. Başqa fakültələrdə dəxi, xüsusən tibb fakültəsində, xaricdən dəvət olunmuş professorlar mövcuddurlar. Başda Fransa arxeoloqlarından Albert Kabrijel olmaq üzrə İstanbulda Arxeoloji İnstitutu açılmışdır. Türkiyə xalqlarının tarixinə aid mühazirələri keçmək, həmçinin türkoloji kabinəsinə rəhbərlik etmək üçün Şura akademiki, məşhur şərqşünas Bartold dəxi bəzən Türkiyənin sabiq paytaxtına gedir.

İndiki məclis üzvü, sabiqdə isə darülfünunun rektoru olmuş Nurəddin bəy keçən ildə Avropanın elm mərkəzlərini dolaşıb darülfünunun islahatına aid zəngin materiallar toplamışdır. Aşkardır ki, tibb fakültəsinin sabiq dekanı, indiki rektoru doktor Ömər Nişət bəy Moskvada Oktyabr təntənələrini keçirdikdən sonra Türkiyəyə qayıtmış və Şuralar İttifaqında ali təhsilin quruluşu haqqında da Maarif və Səhiyyə Vəkalətlərinə xüsusi təhriri məruzə təqdim etmişdir. Ondan bir az daha əvvəl maarif və məktəb işlərini öyrənmək məqsədilə müfəttişlərdən Nabi Lütfi və Ridvan bəylər vəkalətin tapşırığı üzrə Moskvanı ziyarət etdilər. Bu məqsədlə başqa inspektorlar Almaniyada və Fransada da bulunmuşlar.

Ümumiyyətlə, darülfünunun həyatına yenilik daxil edib təhsili indiki şərait üzərə keçirməkdən ötrü Maarif Vəkalətində kafi qədər material toplanmışdır.

Qarşıdakı islahatın əsas məqsədləri haqqında darülfünunun rektoru Ömər Nişət mətbuat nümayəndələri ilə etdiyi müsahibəsində demişdir: “Yeni darülfünun nizamnaməsi üç əsas üzrə qurulmuşdur: 1) milli mədəniyyət, 2) elmin ziyası və 3) liberal sənətlərin hazırlanması. Milli darülfünunun vəzifəsi; darülfünunun daxilində milli hissi inkişaf etdirib, öz xüsusi ölkəsini öyrətməkdən ibarətdir. Təəssüflər olsun ki, indiyə qədər bunlara az əhəmiyyət verilmişdir”.

Yeni nizamnamə möcibincə professorların darülfünun xaricində məşğuliyyətlərə haqqı olmayıb, xüsusi olaraq, darülfünuna təhkim olunurlar. Buna binaən hər bir professorun aylıq məvacibi, 500 türk kağız lirəsindən (500 man.) ibarətdir. Bu qaydaya riayət etməyənlər tutduqları kafedranı tərk etməlidirlər. Mətbuatın göstərdiyi kimi bu barədə darülfünun müdiriyyəti ilə professorlar arasında narazılıq olacağı mümkündür, çünki: “müdərris” kəlməsi professor kəlməsi ilə əvəz edildiyindən, məktəbin büdcəsi, professorların saxlanılması üçün kafi ola bilməz. Türkiyə mətbuatının verdiyi son xəbərlərə görə, İstanbul Darülfünunu; “İstanbul Universiteti” adlandırılmışdır.

Dərslər Avropa darülfünunlarının proqramlarına mutabıq, geniş surətdə tərtib olunmuş proqram üzrə keçiriləcəklər. Bəzi kafedralar ləğv olunub son Avropa elminin tələb etdiyi kafedralar ilə əvəz olunurlar. Boş qalmış mühüm kafedralara xarici professorlar dəvət olunurlar. Teoloji fakültəsi tarixi-filoloji fakültəsi ilə birləşdirilir.

Yeni nizamnamə mocibincə bir çox tələbələr elmlərini təkmilləşdirməkdən ötrü xaricə göndəriləcəklər.

Bu məqsəd üçün də bu ilki büdcədə göstərilmiş kreditdən istifadə olunacaq. Birinci növbədə, hökumətin hesabına olaraq 500 nəfər tələbənin xaricə göndərilməsi nəzərdə tutulmuşdur. Məlum olduğu üzrə, hal-hazırda 300 nəfər Türkiyə tələbəsi vəkalətin hesabına olaraq Avropanın ali məktəblərində təhsil almaqdadırlar.

Ankara və İstanbulda tələbələrə məxsus ümumi yataqxana təsis edilmişdir. Parisin “Latın caddə”sində yaşayan bir çox Türkiyə tələbələrinə məxsus, hökumət hesabına olaraq, Türkiyə bayrağı altında: “Türk Ocağı” adında binanın (ümumi yataqxana, kitabxana, qiraətxana, qəhvəxana) təsis edilməsi nəzərdə tutulmuşdur.

Türkiyə mətbuatının ifadəsinə görə, yeni islahatın tətbiqi ilə, darülfünun Türkiyə milli mədəniyyətini ölkədə inkişafedici, xüsusi Türkiyə elmini mədəniləşdirib ölkə üçün milli məfkurə ilə tərbiyə almış, mədəni və ictimai rəhbərlər hazırlayıcı ali bir müəssisə olmalıdır.

Türkiyə elminin mərkəzi hesab olunan darülfünunu avropalaşdırıb, onu cümhuriyyət üçün idraklı işçilər hazırlayıcı milli-mədəni ocaq halına salmaq, doğrudan da, şayani-təqdirdir.

Jön (gənc) türklərə nisbətən, M. Kamal paşanın rəhbərliyi altındakı Türkiyə sultanlıq əsarəti və xilafət ənənatından xilas edilmiş, gənc cümhuriyyətin mədəni tərəqqisinə doğru daha artıq və həqiqi surətdə irəliləyir. Ali təhsilin nəzərdə tutulmuş yeni əsaslar üzrə qurulması, milli burjuazi Türkiyəsinin tərəqqisi uğrunda, şübhəsiz ki, mühüm rol oynayacaqdır. Fəqət keçirilən darülfünun islahatının nəticələri, nə olursa olsun, əldə mövcud fakt sübut edir ki, Yeni Türkiyə elmin inkişafına, mədəniyyətin intişarına ciddi fikir vermək ilə bərabər, mədəni Avropa ilə müasirləşib, onun adətinə daha artıq yaxınlaşmaq xətti-hərəkətini möhkəm surətdə təqib edir.

Ağa oğlu Məhəmməd.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər