İsti yay günlərində həm dərini günəş şüalarının zərərli təsirindən qorumaq, həm də günəşdən faydalanmaq vacibdir.
Teleqraf.com xəbər verir ki, türkiyəli dietoloq Sibel Mumcunun fikrincə, qidalanmaya diqqət yetirməklə hər ikisini başa gətirmək mümkündür.
Dietoloqlar düzgün qidalanmaqla dərini qorumağın müxtəlif yollarını sadalayıb.
Günəş şüalarının orqanizm üçün vacib olduğunu bildirən dietoloq dərini günəş şüalarının zərərli təsirlərindən qorumağın önəmli olduğunu vurğulayıb.
“Günəş sümüklərimiz üçün çox vacib olan D vitaminini aktivləşdirir. Ona görə də, günəşdən düzgün faydalanmaq, qısa müddətə düzgün günəş şüası qəbul etmək kifayətdir. Günəş şüalarının şaquli olaraq düşdüyü saatlarda qorunmadan 10-15 dəqiqə günəşlə təmasda olmaq D vitamininin yığılması üçün kifayətdir.
Günəş işığının beyindən serotonin hormonunun ifrazını da artırdığı düşünülür. Bu hormon əhval-ruhiyyəni gücləndirməyə, narahatlığı yaxşılaşdırmağa və depressiyanın qarşısını almağa kömək edən təsirlərə malikdir.
Omega-3, E və C vitaminləri dərini günəşin zərərindən qoruyan güclü antioksidantlardır və yaşlanmaya qarşı ən təsirli vitaminlərdir.
Bitki yağlarının əksəriyyəti, qoz, fındıq, toxum, ət, balıq, yaşıl yarpaqlı tərəvəzlər, ispanaq, qulançar, alma, yumurta və taxıllar vitamin E-nin mənbələridir. Çiyələk, kivi, portağal və digər sitrus meyvələri, sarı, yaşıl və qırmızı bibər, tünd yaşıl yarpaqlı tərəvəzlər, brokoli, pomidor, noxud və cəfəri C vitamini ilə zəgindir.
Brokoli kimi tərəvəzlər, reyhan, rozmarin, adaçayı və cəfəri kimi təzə otlar sərbəst radikallarla mübarizə aparan və dərini qoruyan antioksidanlarla zəngindir. Tünd yaşıl yarpaqlı tərəvəzlər də antioksidant mənbəyidir. Omega-3 isə dərini parlaq və gərgin edir, günəşin zərərli təsirlərindən qoruyur. Bu yağ turşuları hüceyrə membranını gücləndirir.
Yerkökü, ərik, pomidor, bibər, qovun, ispanaq, cəfəri, üzüm yarpaqları və şüyüd kimi tərəvəz və meyvələrdə beta-karotin var. Karotenoidlər bir çox meyvə və tərəvəzdə olan sarı, qırmızı və narıncı rənglərin mənbəyidir. Beta-karotenlər də A vitamini ilə zəngindir. Bu vitamin sərbəst radikalların əmələ gəlməsinin qarşısını alan və qocalmanı gecikdirən antioksidantdır.
İradə Tağızadə