Ötən gün Azərbaycan Cümhuriyyətinin ilk hərbiyyə naziri, Qarabağın hərbi valisi Xosrov bəy Sultanova (Sultanzadəyə) aid yeni sənəd əldə etdim. Bu sənəd onun Türkiyədə həkim kimi fəaliyyətinə dairdir.
Yada salaq ki, Xosrov bəy 1879-cu il martın 23-də Zəngəzur qəzasının Hacısamlı bölgəsində doğulub. Orta tәhsilini Şuşa edadi mәktәbindә (1887-1889) vә Gәncә klassik gimnaziyasında (24.11.1889-05.06.1897) oxuyub başa vurduqdan sonra (gimnaziyanı qızıl medalla qurtarıb) 1897-ci ildә Xarkov Universitetinә daxil olub vә orada 1899-cu ilin yayınadәk oxuyub. Ardınca Odessadakı Novorossiya Universitetinin tibb fakültәsinә dәyişilib vә oranı 1904-cü ilin yayında bitirib. Tiflisə yerləşən Xosrov bəy uzun müddət bu şəhərdə həkimlik edib.
Sultanov 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini imzalayanlardan biri olub. Tiflisdə Azərbaycan Milli Şurasının təsdiq etdiyi 1-ci hökumət kabinəsində hərbi nazir təyin edilib. İkinci və üçüncü hökumət kabinələrində torpaq naziri vəzifəsini tutub. 1919-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının üzvü olub.
1919-cu ilin yanvarında Bakıda ingilis qoşunlarının komandanı general Tomson Xosrov bəyi Qarabağın hərbi valisi təyin edib. 1919-cu il fevralın 12-də Şuşaya yollanan Xosrov bəy vəzifəsinin icrasına başlayıb.
27 aprel işğalından sonra Xosrov bəy Şuşa İnqilab Komitəsinin rəhbəri təyin olunub. Lakin qısa müddət sonra mühacirətə gedərək, Azərbaycanın istiqlal mübarizəsinə qatılıb.
Trabzona yerləşən Xosrov bəy 1925-1926-cı illərdə Təbrizdə və Tehranda yaşayıb. Bir müddət Polşa və Almaniyada da fəaliyyət göstərən Sultanov mühacirətdə əsasən Türkiyədə olub.
1930-1931-ci illərdə Xosrov bəy Xariciyyə Vəkalətinə ərizə yazaraq Xarkov Universitetinin tibb fakültəsindəki diplomunun ikinci surətinin əldə edilməsi barədə müraciət ünvanlayıb. Bu barədə Türkiyə arxivində qurumlararası yazışmalar mövcuddur. Ehtimal ki, bu istəyi nəticəsiz qalıb. Xosrov bəy 1943-cü il yanvarın 7-də İstanbulda vəfat edib.
Türkiyədə həkimlik
Türkiyə arxivindəki bir sənədə görə, Xosrov bəyə 1923-cü ildə Trabzonda həkimlik fəaliyyəti ilə məşğul olmasına icazə verilib. İstanbula yerləşdikdən sonra da orada həkimlik edib. Əldə etdiyimiz sənəd də bu işi ilə bağlıdır. Belə ki, 24 may 1937-ci ildə Xosrov bəy Azərbaycan Cümhuriyyətinin xarici işlər nazirinin müavini və Tehran səfiri olmuş Adil xan Ziyadxanla bağlı sağlamlıq arayışı yazıb. Adil Ziyadxan Gəncəlinin müayinəsində hər hansı bir xəstəliyin olmadığı bildirilib.
Bu sənəd göstərir ki, mühacirlər tibbi xidmətdən faydalandıqları zaman Dr. Xosrov bəy onlara köməklik edib.
Şəxsi arxivimdəki həmin sənədi təqdim edirəm.
P.S. Sənədin satın alınmasında dəstəyini əsirgəməyən dəyərli Hikmət Aslan bəyə təşəkkür edirəm.