1 Avqust 13:05
324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi azərbaycanlıların repatriasiyası Azərbaycanın Ermənistana təqdim etdiyi 5 maddəlik sülh təklifindəki bəndlərdən biridir. Ermənistan tərəfi bu günə qədər soydaşlarımızın öz yurd-yuvalarına qayıdışı ilə bağlı təklifə cavab verməyib. Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın ölkəmizə yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən bəyan edib ki, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir.

Yeri gəlmişkən, Kanada işğal dövründə, 44 günlük müharibə zamanı və sonra da Ermənistanın mövqeyini müdafiə edib. Bu baxımdan, Prezidentin səfirlə söhbəti həm də diplomatın ölkəsində anti-Azərbaycan mövqeyi tutanlara ismarışlar, yaxud cavabdır.

Dövlət başçısı daha sonra səfirin diqqətinə çatdırıb ki, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq.

Prezidentin sözlərinə görə, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərin 1-2 ilə həll edilməsi çətindir. O qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara, demək olar ki, dekabr ayında başlanılıb: “Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi”.

Bu yazımızda biz layihəmizin mövzsuna uyğun olaraq Qərbi azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarımıza qayıtmasına, onun siyasi tərəflərinə toxunacağıq.

Rəsmi Bakının mövqeyi çox aydındır. Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyirsə, deportasiya olunmuş soydaşlarımızın öz torpaqlarına qayıdışını təmin etməlidir. Bu qayıdış və soydaşlarımızın Ermənistanda məskinlaşması, yaşaması beynəlxalq müşahidəçilərin nəzarəti altında həyata keçirilməli, prosesə beynəlxalq təminat olmalıdır.

Rəsmi Bakını tələsik sülh sazişi imzalamağa çağıran, yaxud bu istiqamətdə təzyiq edənlər, xüsusilə də Qarabağı könüllü olaraq tərk etmiş ermənilərin geri dönüşünü tələb edənlər nədənsə, ötən əsrin 90-cı illərinə qədər yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiya olunmasını unudurlar.

Bir neçə gün öncə Bakıda "Qərbi Azərbaycana qayıdış tarixi, mədəni və hüquqi əsasları" adlı beynəlxalq konfrans keçirildi. Konfransda iştirak edən Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıçın sözlərinə görə, Qərbi Azərbaycana yaşayan 380 mindən çox Azərbaycan türkü zorla evlərindən çıxarılıb, bütün mülkləri müsadirə edilib.

"Bu gün Ermənistanı müdafiə edənlər Qarabağdan öz arzuları ilə çıxan ermənilərin geri dönmələri üçün qarantiya istəyir, bəs niyə 380 mindən çox Qərbi azərbaycanlının öz torpaqlarına qayıtması üçün qarantiya tələb edilmir. Ermənilər Azərbaycan torpaqlarındakı tarixi izləri dəyişib. Bu gün dünyada heç kim bu haqda danışmır. Bu azmış kimi Ermənistanı müdafiə edirlər. Biz beynəlxalq ictimaiyyəti bu məsələyə yönəltmək istəyirik. Türkiyə olaraq biz hər zaman Azərbaycanın haqlı mübarizəsində yanında olmuşuq. Bundan sonra da olacağıq".

İmza sosial inkişafa dəstək ictimai birliyinin təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış tarixi, mədəni və hüquqi əsasları" adlı beynəlxalq konfrans keçirilir.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli bildirib ki, son 200 ildə əzəli-tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda soydaşlarımıza qarşı saysız-hesabsız deportasiya soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirilib:

"Xüsusilə bu etnik təmizləmə XX əsrdə soyqırımı və deportasiya ilə müşahidə edilib. Yalnız soydaşlarımız soyqırımına məruz qalmayıb, eyni zamanda mədəni dəyərlərimiz soyqırımına məruz qalıb. Ermənilər bu əraziyə köçürüldükdən sonra oradakı Azərbaycan izlərini yer üzündən silmək siyasəti və bununla da Qərbi Azərbaycanda yaşadıqlarını sübut etmək siyasəti həyata keçiriblər. Bizim tarixi abidələrimiz ya erməniləşdirilib, ya da tamamilə ermənilişədirə bilmədiklərinə görə dağıdıblar".

Türkiyəli siyasətçi, sabiq millət vəkili Sinan Oğan isə əlavə edib ki, 100 il əvvəl dünyadakı ən cox məscidin olduğu şəhər İrəvan idi: “Hazırda ermənilər İrəvanda sadəcə 20 məscidi saxlayıblar. Dünyada ən çox məscid nə Səudiyyə Ərəbistanı, nə də başqa dövlətdə idi. Bu gün Ermənistan adlanan torpaqlarda idi. Mən Qərbi Azərbaycandan 100 il əvvəl qovulmuş bir nəslin övladıyam. Ata-babalarımıza qarşı qətliam törədilib, işgəncələrə məruz qalıblar. Əvvəlcə Çar Rusiyasının daha sonra ingilis, fransız və Sovetlər Birliyinin dəstəyi ilə oradan deportasiya ediliblər. Ermənilər tərəfindən işğal edilmiş torpaqlar Azərbaycan Ordusunun və Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasəti və qəhərmanlığı sayəsində yenidən Ana vətən Azərbaycana geri qaytarılıb”.

Ulu öndər Heydər Əliyevin torpaqla bağlı çox ibrətamiz bir kəlamı var. Keçirdiyi müşavirələrin birində demişdi: "Dövlətin mənafeyi torpaqdır. Torpaqdan qiymətli dünyada heç nə yoxdur. Hər şeyi almaq, düzəltmək, tikmək olar. Amma Azərbaycanda yenidən bir hektar torpaq sahəsi yaratmaq olmaz". Sıravi vətəndaş üçün torpaq, Vətən anlayışları fərqli ola bilər. Amma siyasi lider Vətən və torpaq məsələsində heç bir halda güzəştə getməməlidir. Vətən torpağı kiminsə şəxsi mülki deyil ki, onu kiməsə bağışlayasan. Təəssüf ki, Azərbaycanın tarixində torpağı kimlərəsə pay verən, bağışlayan siyasi rəhbərlər olub və onlar bu gün də qınanırlar. Məhz onların səhvləri, qətiyyətsizlikləri ucbatından tarixi torpağımız İrəvan bizdən alındı, Qərbi Azərbaycan ermənilərə verildi.

Milli tariximizin Zəfər memarı cənab İlham Əliyev bizim o torpaqlarımıza qayıdacağımıza inanır. O deyirdi: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".
Milli-etnik kimliyi təmin edən əsas vəsilələrdən biri milli ideyadır. Azərbaycan xalqı uzun müddət belə bir milli ideyanın axtarışında oldu. Prezident İlham Əliyev Qarabağı, Şuşanı hər bir azərbaycanlı üçün milli ideya elan etdi və qazandı.

Bu gün hədəfdəki milli ideya dövlət başçısının iki onillikdən bəri az qala hər çıxışında xatırlatdığı Qərbi Azərbaycandır. Onun da qayıdacağı gün gələcək və biz o torpaqlara qayıdacağıq! Yenə də öndə müzəffər Ali Baş Komandan olacaq!

Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərin mətbuatda işıqlandırılması və sərginin təşkili” layihəsi çərçivəsində hazırlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər