12 Avqust 17:14
308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günümüzdə onlayn alış-veriş platformalarının sayı durmadan artır. Azərbaycanda onlayn sifariş edənlərin sayı kifayət qədərdir. Ötən günlərdə Rusiyanın "Ozon" onlayn ticarət platforması Azərbaycanda satışlarını aktiv edib. Şirkətdən verilən məlumata görə, malların çatdırılması təxminən on gün çəkəcək və müştərilər onları respublikadakı sifarişlərin təslimat məntəqələrində əldə edə biləcəklər. Azərbaycanda ən məşhur onlayn alış-veriş platforması isə “Trendyol”dur.

Ancaq son günlər “Trendyol” və “Temu” üzərindən Azərbaycana gətirilən məhsulların keyfiyyəti ilə bağlı narazılıqlar artır. Alıcılar xüsusən məhsulun fotodakı görüntüsündən fərqli formada çatdırılmasından narazılıq edirlər.

Maraqlıdır, Azərbaycanın öz “Trendyol”unu, onlayn ticarət platforması yaradıla bilərmi?

Teleqraf.com-a danışan iqtisadçı ekspert Xalid Kərimli bunun hələlik mümkün olmadığını düşünür:

“Trendyol” Azərbaycanda bu bazara ilk olaraq daxil olduğu üçün öndə olmağı bacarıb. Şirkət əvvəl qarşısına daha çox müştəri cəlb etmək məqsədi qoyurdusa, indi isə daha çox pul qazanmağa çalışır. Qiymətləri də buna görə artırır.

Azərbaycanda yerli istehsal demək olar ki, yox səviyyəsindədir. Azərbyacanın ixracına baxsaq, ötən illə müqayisədə əhəmiyyətli azalma baş verir. İxracımız çox azdır. Azərbaycanın ixracının 90-92 faizi neft və qaz məhsullarıdır ki, boru ilə ixrac edilir. Yerdə qalan 8-9 faiz qeyri-neft sektoru ixracın strukturuna baxsaq, burada xammal materialları və kənd təsərrüfatı məhsullardır. Bura pomidor, fındıq, pambıq kimi məhsullar daxildir. Həmçinin gübrə və qızıl məhsulları da ixrac edilir.

Gündəlik istehlak malları geyimlər, avadanlıqlar, elektronika məhsulları ixrac edilmir ki, biz yerli məhsulların çatdırılması, onlayn platforma haqqında fikirləşək. Azərbaycanın yerli ixracı o qədər aşağı, zəifdir ki, burada onlayn platforma vasitəsi ilə satışın təşkili ağlabatan deyil. Azərbaycan hələ yerli istehsalı və ixracı artırmalıdır ki, bundan sonra hansısa müasir üsullardan istifadə edərək daha səmərəli təşkili haqqında düşünülsün”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər