13 Avqust 10:13
327
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair növbəti siyahı açıqlanıb.

Bu barədə Teleqraf.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, siyahıya əsasən, daha 205 namizəd proqram iştirakçısı adını qazanıb.

Beləliklə, növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə 375 nəfər olmaqla ümumilikdə 500 namizəd xaricdə təhsil alacaq.

Təqaüd qazanan 500 gəncin 135-i universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. Cari ildə təqaüd hüququ əldə etmiş namizədlərdən 15 nəfəri "Columbia University", 7-si "Harvard University", 7-si "University of Cambridge", 6-sı “Yale University”, 5-i "University of California, Berkeley", 4-ü "National University of Singapore", 3-ü "University of Oxford", 3-ü "ETH Zurich", 3-ü "University of Chicago" və digər nüfuzlu universitetlərdə təhsil alacaq.

Elm və Təhsil Nazirliyi ilə bağlanılacaq müqavilənin müvafiq şərtinə əsasən, proqram iştirakçısı təhsili bitdikdən sonra 2 ay ərzində ölkəyə qayıtmalı və 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmalıdır.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə qazanan, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı mövcuddur. 2024–2025-ci tədris ili üzrə proqram iştirakçısı adını qazanmış namizədlərdən bu və ya digər səbəbdən imtina edənlər olarsa, Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutulmaqla həmin siyahıya istinadən növbəti iştirakçılar seçiləcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər