Ötən illərlə müqayisədə bu il hava şəraiti yağıntılı keçib. Bəs yağışlar kənd təsərrüfatında məhsuldarlığa müsbət təsir göstəribmi?
Mövzu ilə bağlı Teleqraf.com-a danışan iqtisadçı Cəfər İbrahimli bildirib ki, bu ilki mövsüm yağışları ötən illə müqayisədə çox olub:
“Nəzərə alsaq ki, külək və yağışların uzun çəkməsi payız əkinlərinə, taxılçılığa mayalanma dövründə mənfi təsir edir, həmin bitkiləri yatırdır və biçində müəyyən itkilər yaradır’’.
Yağınıtının təsirlərindən danışan ekspert bildirib ki, bunun bəzi bitkilərə mənfi, bəzilərinə isə müsbət təsirləri var: “Bitkilərə uyğun olmayan vaxtda yağan yağışın zərərləri var, amma yazlıq əkinlərə, pambıq, qarğıdalı, günəbaxana yağışlar mənfi təsir göstərmir. Çünki suvarma ilə bağlı problemlərimiz var və yağışın kifayət qədər yağmasının bu bitkilərə xeyiri çoxdur. Su qıtlığı olan ərazilər üçün yağıntının çox olması müsbət haldır”.
Ekspert bildirib ki, yağıntının çox olması tərəvəz və bostan bitkilərində xəstəliklər də yarada bilir və bu da məhsuldarlığa təsir edir.
Cəfər İbrahimlinin sözlərinə görə bazarlarda pomidor və xiyarı çıxmaq şərti ilə kifayət qədər məhsul var: “Ötən illərin quraqlığı ilə müqayisədə bu il havaların sərin keçməsinin, yağıntının çox olmasının məhsuldarlığa olan xeyr bazarlarda da müşahidə edilir. Qarğıdalı, günəbaxan kimi bitkiləri bazarlarda kifayət qədər görürük”.