Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Teleqraf.com xəbər verir ki, müraciətdə yol qəzalarına səbəb olan hallardan biri kimi sürücülərin sərnişinləri düşürərkən nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlaması vurğulanıb. "Sürücülərin hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasının fərqinə varmadan avtomobili yolun hərəkət hissəsində saxlaması ağır qəzalara səbəb olur. Yolun hərəkət hissəsində avtomobildən düşməyə məcbur olan sürücü, təəssüf ki, özü ilə yanaşı sərnişinləri və digər hərəkət iştirakçılarını təhlükəyə atmış olur. Baş Dövlət Yol Polisi İdarəsi göstərilən səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini əhalinin diqqətə çatdırır və bir daha hərəkət iştirakçılarına müraciət edərək nəqliyyat vasitələrinə minib-düşərkən, eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayanması və ya durması hallarında qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir".