Bu ilin I yarısında Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri daxil olmaqla magistral neft kəmərlərinin fəaliyyətindən 538 milyon 277,6 min manat (cari məzənnə ilə 316,6 milyon ABŞ dolları) gəlir əldə edib.
Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % çoxdur.
Yanvar-iyun aylarında magistral neft kəmərləri şəbəkəsində itkilər ötən ilin müvafiq dövründəki 1,7 min tonla müqayisədə 29,4 % artaraq 2,2 min ton təşkil edib.
Hesabat dövründə magistral neft kəmərləri ilə 19 milyon 238,6 min ton neft nəql olunub. Bu da 1 il əvvələ nisbətən 2,1 % azdır. Ümumi nəqletmə həcminin təxminən 75,2 %-i BTC-nin payına düşüb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın magistral neft kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlir 1 milyard 101 milyon 741,9 min manat (2022-ci ilin göstəricisindən 11,1 % az) təşkil edib. Şəbəkədə itkilər 3,8 min ton (31 % çox) təşkil edib.